Polşalı sabiq FIFA referisi Rafal Ristovski Çempionlar Liqasının II təsnifat mərhələsində yerli “Rakuv” klubu ilə “Qarabağ” arasında keçirilən ilk oyundakı hakimliyi dəyərləndirib.
51 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında qarşılaşmanın 26-cı dəqiqəsində Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romaonun qırmızı vərəqəyə layiq kobudluq etdiyini bildirib.

O, həmin epizoddakı qərarına görə, isveçrəli baş hakim Lukas Fandrixi tənqid edib: “Hakim orada kobud səhvə yol verdi. Bu, açıq-aşkar təhlükəli foul idi. Romaonun topa oynamaq şansı yox idi və Marçin Çebulanı arxadan vurdu. Üstəlik, onu təpikləməyə də cəhd etdi. Bu, birmənalı şəkildə qırmızı vərəqəlik hərəkət idi. VAR hakimlərinin də niyə kömək etməmələrinin səbəbi məlum deyil. “Qarabağ”ın futbolçusu üçün həmin epizodda matç bitməli idi”.
Rafal Ristovskinin sözlərinə görə, referi hətta ikinci hissədə də Romaonun kobudluğuna göz yumub: “İkinci hissədə Romao daha bir qayda pozuntusuna yol verdi. Hakim onu yanına çağırsa da, sarı vərəqə göstərmədi. Təəssüf ki, referi bu qarşılaşmada bir çox mübahisəli və uğursuz qərarlar verdi”.

Qeyd edək ki, oyun “Rakuv”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar avqustun 2-də Bakı Olimpiya Stadionunda cavab görüşünə çıxacaqlar.

Shares: