Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də Türkiyənin “İstanbul Şişli”, ertəsi gün Almaniyanın “Yan Regensburq”, avqustun 26-da isə Latviyanın “Riqa” komandası ilə qarşılaşacaq “Araz-Naxçıvan” təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komandanın hazırlıq və transfer çalışmaları barədə baş məşqçi Vitali Borisov federasiyanın rəsmi saytına müsahibə verib.
– Hazırlıqla bağlı nə deyə bilərsiniz? Əsasən fiziki, yoxsa taktiki planda çalışmalara üstünlük verilir?
– İyulun 17-də yüngül məşqlərə başladıq. Artıq 3 gündür təlim-məşq toplanışına start vermişik. Komanda oteldə məskunlaşıb və hər gün 2 məşq keçirik. Əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalara daha çox yer veririk. Hələ ki, işlər plana uyğun şəkildə davam edir.
– Oyunçular istirahətdən necə qayıdıb? Artıq çəkisi olan varmı?
– Belə baxanda, heç bir oyunçu artıq çəki ilə qayıtmayıb. Təbii ki, istirahət zamanı heç kim ciddi hazırlıq keçməyib. Ona görə də fiziki baxımdan yaxşı formada olmadıqları ortadadır. Ancaq Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var, çalışacağıq tədricən futzalçıları ən yüksək səviyyəyə çatdıraq.
– Yeni transferlər necə təsir bağışlayır?
– Hələlik 2 futzalçı məşqlərə qoşulub. Hər ikisini tanıyırıq, izləmişik, nəyə qadir olduqlarını da bilirik. Ninoslav Aleksiç 3-4 il əvvəl Serbiya millisinin heyətində yığmamıza qarşı da oynayıb. Həmin görüşdə mən də oyunçu kimi iştirak edirdim. Hər iki futzalçı keyfiyyətlidirlər.
– Başqa transferlər olacaqmı?
– Əlbəttə, danışıq apardığımız oyunçular var. Yaxın günlərdə 2-3 oyunçu komandamıza qoşulacaq. Artıq onların keçidi bu gün-sabah yekunlaşacaq. Onların gəlişi ilə daha da güclənəcəyik.
– Rəqibləri necə, izləyirsinizmi?
– Almaniya və Türkiyə çempionları haqda məlumat toplamaq bir qədər çətindir. Ancaq “Riqa” haqda müəyyən informasiyamız var. İstənilən halda, əvvəlcə özümüz oyunlara tam hazır olmalıyıq. Bütün diqqətimizi özümüzün hazırlıq prosesinə yönəltmişik. Tapşırığımız da aydındır. İlk iki mərhələni keçməliyik.