Avstriya millisinin sağ cinah müdafiəçisi Ştefan Laynerdə xərçəng aşkar edilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçunun formasını geyindiyi Almaniyanın “Borussiya” (Mönhenqladbah) klubu məlumat yayıb.
Tibbi müayinə zamanı oyunçunun lenf xərçənginə yoluxduğu müəyyənləşib. Bu üzdən Layner uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun bir neçə ay müalicə alacağı vurğulanıb. Həkimlər hesab edirlər ki, xəstəlik erkən aşkar edildiyindən, Laynerin müalicə ilə sağlamlığına qovuşmaq şansı yüksəkdir.
Xatırladaq ki, Ştefan Layner 2019-cu ildən “Borussiya”nın formasını geyinir. O, Avstriya yığmasında 38 oyun keçirib, 2 qol vurub.