Klub reytinqinin artırılması baxımından bütün komandalarımızın qələbə qazanması daha yaxşı olardı. Lakin səfərdə oynayan komandalarımız üç müxtəlif nəticəyə imza atdısa, “Qəbələ” evdə uduzdu. İlk mərhələdə iki qələbə ilə önəmli xallar qazanan “Qarabağ” bu dəfə uduzsa da, Bakı klubları ümidi doğrultdu.
Əslində, nəticələr çox maraqlıdır. Həftə ərzində istər Çempionlar Liqasında çıxış edən “Qarabağ”, istərsə də Konfrans Liqasındakı üç təmsilçimiz məhsuldarlıq baxımından üz qızartmadı. Bütün komandalarımız iki qol vurdu, buna rəğmən yalnız bir qələbə gördük. Çempionla kubok sahibinin 2:3 hesablı məğlubiyyəti xüsusilə təəssüf doğurdu.
Konkret olaraq dünəki matçlardan danışsaq, “Qəbələ” oyunu ilə utandırmadı. Bütün qolların cərimə zərbəsindən buraxıldığını nəzərə alsaq, bölgə təmsilçisi oyun planında “Omoniya”dan güclü idi. Lakin standart vəziyyətlər də futbolun bir parçasıdır, mütləq ona qarşı da birşeyər fikirləşmək və ya eyni qaydada fərqlənmək gərəkdir.
“Qəbələ” yaxşı oynadı, bu mərhələdəki ən çətin rəqibimizlə oyunda yaxşı mübarizə apardı. Lakin tarixdə nəticə qalır. Fakt odur ki, “qırmızı-qaralar”ın mövsüm boyu çəkdiyi əziyyət Avropanın qapısından dönməyə hesablanıb. Heyət bütünlüklə yenilənirsə, deməli, klub rəhbərliyinin strategiyası səhvdir, mövsümi uğurlar üçün düşünülüb. Komandanın onurğa sütunu olan oyunçuları qorumaq mümkün olmursa, bu, hər il təkrarlanırsa, deməli, “Qəbələ” rəhbərliyi yalnız illəri yola verməklə məşğuldur.
“Omoniya” qorxulu komanda deyil, “Qəbələ”nin yenilənmiş heyəti adaptasiya prosesini tezləşdirsə, Kiprdə revanş ala bilər. Bununla belə, bölgə təmsilçisinə böyük ümidlər yoxdur. “Qəbələ” bu düşüncə ilə Azərbaycan Premyer Liqasının yeni mövsümündə də yüksək yerlər uğrunda mübarizə apara bilməyəcək.
“Neftçi”yə gəlincə, komanda əzmkarlıq sayəsində Bosniya və Herseqovinadan heç-heçə ilə qayıdır. Lakin bakılılar hətta uduzsaydı belə, cavab oyununda “Jelezniçar”ın heç bir şansı yoxdur. Düzdür, bu komanda ilk mərhələdə də evdə heç-heçə etmiş, səfərdə qələbə qazanmışdı. Lakin “Neftçi”nin Minsk “Dinamo”sunun səhvini təkrarlamayacağına ümid edirik. Çünki təmsilçimiz cəmi bir legioner olan rəqibdən oyunçu keyfiyyət baxımından çox üstündür. Bu üstünlüyü komanda oyununda birləşdirib rahat qələbə qazanmaq lazımdır.
“Neftçi” hətta hücumçusuz çıxdığı matçda iki qol vurdu. Bu da rəqibin aşkar zəif olmasına görə idi. Cavab matçında azarkeş dəstəyinin əlavə olunması ilə böyük hesab gözləməyə dəyər. Filip Ozobiçin əla çıxışı bakılıların hücumçusuz oynadığını gizlətsə də, əsl forvardın olması vacibdir. Ümid edək ki, növbəti mərhələdə bakılılar hücumçu transferlərini reallaşdıracaq.
Yeni baş məşqçi Adrian Mutunun işini qiymətləndirmək üçün çox tezdi, komandanın gücü heyət tam komplektləşdikdən və daha güclü rəqiblərlə oyunlardan sonra bilinəcək. Amma fakt odur ki, “Jelezniçar” kimi komandadan iki qol buraxmaq müsbət məqam deyil. Yeni transfer edilən müdafiəçilər fərd olaraq yaxşı təsit bağışlasa da, hələ vahid komanda oyununa tam uyğunlaşmayıblar. Buraxılan qollarda həm onların, həm də sığortaya gecikən cinah oyunçularının ciddi səhvi var idi. Belə ucuz qollar buraxan komanda çox irəli gedə bilməz.
Bütün klublarımızı birləşdirən daha bir məqam qapıçılarla bağlı idi. “Qarabağ”ın Şahruddin Məhəmmədəliyevin səhvlərindən əziyyət çəkməsini hamı gördü. “Sabah” bu mərhələdə qol buraxmasa da, Yusif İmanov inamlı deyildi. Dünən “Neftçi”nin əlcək sahibi İvan Brkiçin bir neçə ciddi qüsuru oldu. Və nəhayət, “Qəbələ”dən Kristof Atanqananın cərimə zərbələri zamanı az qala mərkəzdən top buraxması məşqçiləri düşündürməlidir.
CAVAD