“Rakuv” və “Qarabağ” arasında Polşada keçirilən oyunu izlədim. Azarkeşlər üçün maraqlı və bolqollu matç oldu. Düşünürəm ki, bu gərgin və yaxşı oyunun davamı Bakıda olacaq” – bunu futbolinfo.az-a açıqlamasında 2012-2017-ci illər aralığında Azərbaycan “Simurq” və “Qəbələ” klublarında çıxış etmiş polşalı qapıçı David Pietrzkieviç deyib.

Hazırda “Sandeçya” klubunun şərəfini qoruyan qolkiper UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutmuş “Rakuv” – “Qarabağ” (3:2) matçını şərh edib: “Azərbaycanda daha vacib oyun olacaq. “Qarabağ” təcrübəli və güclü komandadır. Onlar qısa paslarla sürətli hücumlar qururlar. Bu baxımdan “Rakuv” üçün səfərdə çox çətin olacaq. Polşadakından 2 qat ağır oyun keçəcək”.

Pietrzkieviç “Qarabağ”ı daha şanslı sayıb: “Ümumi olaraq götürsək, hər zaman şanslar eynidir. Amma “Qarabağ” təcrübə baxımından “Rakuv”u çox üstələyir. Bu, həlledici məqam ola bilər. Polşalılar avrokuboklarda yeni-yeni çıxış edirlər”.

Təcrübəli qapıçı son illərdə Azərbaycan təmsilçisinin birmənalı olaraq Polşa klublarına qalib gəlməsini “Rakuv” üçün problem saymayıb: “Bunun “Rakuv”a hansısa təsir edəcəyini düşünmürəm. Ötən mövsüm “Lex” səfərdə 1:5 uduzmuşdu. Amma “Rakuv” fərqli komandadır. Bakıda maraqlı oyun olacaq”.

David keçmiş klubu “Qəbələ”nin ötən gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna 2:3 uduzmasını da şərh edib: “Sabiq komandam yaxşı oyun göstərdi. Uduzsalar da, meydanda mübarizə apardılar”.

Shares: