İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Lütsern”inə məğlub olduqları (1:2) oyunla bağlı danışıb.
Futbolinfo.az “fotbollskanalen.se”-yə istinadən xəbər verir ki, Qurbanlı, “Lütsern”lə matçda əlinə düşən qol şansını qaçırdığı üçün məyus olduğunu deyib:
“Lütsern”lə oyunda əlimə düşən qol şansını qaçırdığım üçün məyusam. Adətən belə imkanlardan daha yaxşı yararlanıram. Növbəti şansdan yararlanmağa çalışacam”.
21 yaşlı forvard nəticənin onları qane etmədiyini bildirib:
“Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Ancaq təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.
Qurbanlı hələ ideal formada olmadığını etiraf edib:
“Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun vaxtı lazımdır. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də, komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq”.
O, bildirib ki, yeni komandasında və yaşadığı Stokholmda hər şeydən razıdır:
“Şəhər, insanlar – bir sözlə, burada hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdirlər. Meydançaya çıxanda güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir”.
“Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də, ikincilərin meydanında keçiriləcək.