“Biz çox yaxşı oynadıq. Düşünürəm ki, baxımlı oyun oldu”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Əyyub Allaş deyib.
O, Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Omoniya”ya 2:3 hesabı ilə uduzduqları matçdan danışıb. Qarşılaşmada 2 qol vuran futbolçu qələbəyə layiq olduqlarını bildirib: “Bu cür oyunlarda qalib gəlmək istəyirik. Çünki komandamız mübarizə apardı, gücünü göstərdi, yaxşı oyun oynadı. Bu görüşdə məğlubiyyətə yox, qələbəyə layiq idik. “Omoniya”dan daha çox qalibiyyəti haqq edirdik”.
Allaş səfərdə mərhələ keçə biləcəklərinə inandığını da dilə gətirib: “Əlbəttə ki, bizim şanslarımız qalır. Hələ də şansların 50-50-yə olduğunu düşünürəm. Komandamızda xeyli yeni futbolçu var. Amma bu, bizə mane olmadı, öz oyunumuzu ortaya qoya bildik”.
Belçikalı oyunçu qarşılaşmanın 85-ci dəqiqəsində rumıniyalı hakim Andrey Çivuletenin “Qəbələ”nin leyhinə vermədiyi penaltidən də söz açıb: “Düşünürəm ki, “Omoniya” üçün elə penalti verdisə, mənim yıxıldığım epizodda da rəqibin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməli idi. Amma hakim fərqli qərar verdi”.