Avropa basketbolunda qızğın günlər yaşanır. Bunun da əsas səbəbkarı Yunanıstanın “Panatinaikos” komandasıdır. Bu yay klub rəhbərliyi böyük bir layihənin təməlini qoymaqda israrlı olduqlarını göstərir.

Klubun Avropada qazandığı son tituldan 13 il keçir. Son iki il ərzində isə ümumiyyətlə heç bir uğur qazanılmayıb. Bu səbəbdən rəhbərlik pul kisəsinin ağzını açıb. Görünən odur ki, bu mövsüm “Panatinaikos” iştirak etdiyi bütün turnirlərin favoriti olacaq.

Rəhbərliyin ambisiyalarını sübuta yetirən addımları nəzərdən keçirək. İlk növbədə baş məşqçi postuna Ergin Atamanın gətirilməsi qeyd edilməlidir. Türkiyə və Yunanıstan arasında münasibətlərin necə olması hər kəsə bəllidir. Doğrudur , bunun qatı düşmənçilik olduğunu söyləmək olmaz. Türkiyənin özündə yunan idmançılar və baş məqşçilər çalışır. Futbolda da yunan oyunçuları yada salmaq olar. Baksetbolun özündə də misal çəkilə biləcək nümunə var. Keçən mövsümdən “Fənərbağça” komandasının baş məqşçisi yunanıstanlı İturisdir. Bu baxımdan Atamanın “Panatinaikos”a gedişini əks həmlə də adlandırmaq olar.

Son 3 mövsümün ikisində “Anadolu Efes”lə Avroliqanı qazanan Ergin Ataman qitənin ən nüfuzlu və güclü mütəxəssislərindən sayılır. 5 il ərzində Anadolu klubunda saysız-hesabsız titullar qazandıqdan sonra o da özü üçün yeni motivasiya tapıb. Atamanın qarşısında çətin vəzifə durur. “Panatinaikos” keçən mövsüm Avroliqada cəmi 9 oyunda qalib gəlib və 23-də məğlub olub. Komandanı yenidən zirvələrə qaytarmaq lazımdır. Heyət tam yeniləndiyindən ilk vaxtlar bunun çətin olacağı gün kimi aydındır.

Komandada 10 yeni oyunçu olacaq. Basketbol komandası üçün bunun nə demək olduğunu söyləmək artıq şeydir. Bu , tam yeni iki heyət deməkdir. Hələlik tam rəsmiləşməsə də, 11-ci yeni oyunçu da məlumdur.  “Qran Kanariya”nın polşalı basketbolçusu Aleks Balserovski də Afinaya yollanmaqdadır.

Keçən il avrokubokda MVP seçilən Cerian Qrant da yunan təmsilçisinin sıralarına qoşulur. Ergin Ataman keçən mövsümü “Türk Telekom”da keçirən basketbolçunu yaxından tanıyır. Qrant məhz onun israrı ilə “Panatinaikos”a gəlir. Keçən mövsüm basketbolçunun Ankara klubunda orta göstəriciləri 14,8 xal, 3 ribaund və 6,2 assit təşkil edib.

Əsas heyət üçün alınan digər basketbolçular Luka Vildoza və Dimitris Moraytisdir. Argentinalı pleymeyker MBA-da uğursuz mövsümdən sonra Avropaya qayıdır. Yunanıstanlı müdafiəçi isə “Peristeri”dən gəlir. Bu yeniliklərə İspaniyada yaxşı tanınan Kayl Qay da əlavə edilməlidir. NCAA və MBA-da təcrübəsi olan basketbolçunu Avropanın bütün böyük komandaları heyətinə qatmağa cəhd göstərirdi. Lakin yunan klubu bu mübarizədə Madrid “Real”ından tutmuş bütün digər komandaları qabaqlaya bildi.

Əsas heyət üçün mübarizə aparacaq Kostas Adetokumbo, Kostas Mitoqlu, Mattias Lessort və İoannis Papapetru da yaddan çıxmamalıdır. Mitoqlu Milanda çıxışından sonra evə dönür. Papapetru isə “Partizan”da uğursuz mövsümü unutdurmağa çalışacaq.

Əlbəttə ki, bütün bunların yanında Kostas Slukasın transferi xüsusi diqqət çəkir. “Panatinaikos”un futboldan tutmuş bütün idman növlərində əsas rəqibi “Olimpiakos”dan transferi hər zaman səs-küyə səbəb olub. Slukas isə Pirey təmsilçisinin əsas üzvü olub. Bu baxımdan “Panatinaikos”un bu həmləsini həm rəqibə zərbə, həm də ambisiyalarının böyüklüyü kimi qiymətləndirmək olar. 3 il üçün 10 milyon avro dəyərində imzalanmış müqaviləyə əsasən, Slukas liqada ən çox məvacib alacaq yunan basketbolçu olacaq. “Panatinaikos”da karyerasına başlayan Kostasın bu qərarı artıq fanatlar arasında böyük qalmaqala da səbəb olub.

Son ştrix kimi Xuanço Ernanqomesi qeyd etməliyik. Avropada nə qədər güclü olsalar da, MBA-da çıxış edən basketbolçuların səviyyəsi tam ayrı olur. Onların Amerikadan sonra hansısa bir Avropa komandasında çıxışı səviyyə fərqini dərhal artırır. Bu baxımdan Xuançonun gəlişi “Panatinaikos”un əsas transferi sayılmalıdır. Uzun illər MBA-da oynaması və son Avropa çempionatının ən yaxşı basketbolçusu seçilməsi Xuançonun gücündən xəbər verir.

Göründüyü kimi, rəhbərliyin fikri ciddidir. Bu layihənin icraedissi kimi Ergin Atamanın dəvət edilməsi Türkiyə basketbolu üçün qürurverici bir hadisədir. Alınan basketbolçular və Ergin Atamanın səviyyəsi “Panatinaikos”un muzeyinin yeni kuboklarla dolacağından xəbər verir.

İLQAR AĞAYEV

bfed5152 ffe7 4b3c ac39 de49990db868 - Futbolinfo.az
575c35bf 367f 463f a721 5e5b3c02132a - Futbolinfo.az
a5520b13 bbde 4027 85f1 9f960a8fcda0 - Futbolinfo.az
Shares: