İyulun 30-da Bakıda şahmat dünyasının ən mötəbər yarışlarından biri sayılan Dünya Kuboku başlayır.

Futbolinfo.az xəbər verir ki, yarışın təntənəli açılış mərasimi iyulun 29-da Bakı Konqres Mərkəzində keçiriləcək.

Həmin gün eyni zamanda rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, Dünya Kubokunun partiyaları paytaxtın “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da start götürəcək.

Dünya Kubokunda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Bütün partiyalar rəsmi saytla yayımlanaraq Azərbaycan və ingilis dilində şərh olunacaq. Dünya Kubokunun partiyalarını Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar, hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.

Bakıdakı Dünya Kubokuna dünya mediası tərəfindən böyük maraq var. Dünya Kubokunu işıqlandırmaq üçün ölkəmizlə yanaşı Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaşlar qeydiyyatdan keçib.

Shares: