Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən ÇFR (Rumıniya) – “Adana Demirspor” (Türkiyə) görüşünün azərbaycanlı hakimlər briqadasının idarəçiliyi birmənalı qarşılanmayıb.
Futbolinfo.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, xüsusən də Türkiyə klubu 1:1 hesabı ilə yekunlaşan matçda Elçin Məsiyevin qərarlarından narazı qalıb.
Hətta ÇFR-in prezidenti Kristi Balaj da açıqlamasında hakimə olan təzyiqdən danışıb. Onun sözlərinə görə, qarşılaşmadan sonra “Adana Demirspor” rəsmiləri Məsiyevə hücum çəkiblər: “Onlar hakimin hər qərarına etiraz edirdilər. Gərginlik matçdan sonra da davam etdi. Paltardəyişmə otağına gedərkən koridorda hakimi saxlayaraq, ona öz iradlarını kəskin şəkildə bildirirdilər. Mənim müdaxiləmdən sonra sakitləşdilər”.
Qeyd edək ki, bu komandalar arasında Türkiyədəki cavab görüşü avqustun 3-də keçiriləcək.