İspaniya klublarının mövsümə hazırlıq oyunları daim ulduzların maraq dairəsində olub. ABŞ-də təşkil edilən turnelər zamanı kinoaktyorlar və digər şou-biznes ulduları “Barselona” və Madrid “Real”ının düşərgələrinə baş çəkirlər.
Los-Ancelesdə olan katalon klubunun düşərgəsinə ispan ulduzlar Xavyer Bardem və Penelopa Kruz təşrif buyurub. Qeyd edək ki, hər iki kino ulduzu məhz Los-Ancelesdə yaşayır. Maraqlısı isə onların futbola o qədər də böyük sevgi bəsləməməsidir. Xavyer Bardemi bəzi hallarda “Nou Kamp”da görmək mümkün olubsa, Penelopanın ümumiyyətlə, “Barsa”ya rəğbəti yoxdur. Aktrisa daha çox Madrid “Real”ına azarkeşlik edir.
Kino sənətkarlarının gəlişindən “Barselona”nın sosial şəbəkəsi maksimum yararlanıb. Hər iki ulduza katalon klubunun yeni ağ səfər forması hədiyyə edilib. Bundan başqa onların Ter Ştegen, Levandovski, Qavi, Arauxo və Pedri ilə videosu lentə alınıb.
Kino ulduzlarından başqa Los-Anceles stadionunda məşqə Kevin Dürant və Teddi Yanki də gəlib. Onların hər ikisi “Barselona” fanatıdır.