Formula 1 üzrə dünya çempionatında fasilədən əvvəl son mərhələyə start verilib. Sprint formatlı həftədə təsnifat mərhələsi ənənəvi olaraq cümə günü keçirilib. Yeganə sərbəst yürüşlər zamanı yağış olduğundan pilotlar maşınlarını istədikləri kimi yoxlaya bilməyiblər.
Belçikada təsnifat mərhələsinin başlama vaxtı 10 dəqiqə ertələnib. Səbəbi isə yağış olub. Sessiya başladıqda yağış olmasa da, trass nəm olub. Buna görə də pilotlar yağış təkərlərindən istifadə ediblər. Tədricən quruyan trassda nəticələr artmağa başlayıb. Buna görə də təsnifat mərhələsinin ilk sessiyasında maraqlı nəticələr qeydə alınıb.
“Vilyams” komandasının iki sürücüsündən heç biri növbəti sessiyaya yüksələ bilməyib. “Alfa Tauri”dən Daniel Rikkardo, “Alfa Romeo”dan Quanyu Jou və “Haas”dan Niko Hülkenberq onlara qoşulublar.
İkinci sessiyaya günəşli hava altında start verilib. Nəticələr ilk sessiya ilə müqayisədə xeyli artıb. Sessiyanın sonunda hər bir pilot nəticəsini yaxşılaşdırıb. Çempionatın lideri Maks Ferstappen çətinliklə növbəti sessiyaya keçib. Mübarizəni “Alpin” sürücüləri Pyer Qasli ilə Esteban Okon, “Alfa Romeo”dan Valteri Bottas, “Haas”dan Kevin Maqnussen və “Alfa Tauri”dən Yuki Tsunoda dayandırıb.
3-cü sessiyanın başlama vaxtı da bir qədər ertələnib. Bunun da səbəbi Esteban Okonun divara çırpılmasından sonra trassı əvvəlki vəziyyətinə gətirmək olub. Sessiya başlayan kimi 3 komandanın daha sürətli olduğu aşkar edilib. İlk cəhdlərdən sonra Şarl Lekler protokollara başçılıq edib. Son cəhdlərdən sonra sıralama belə olub: Ferstappen, Lekler, Peres, Hamilton, Sayns, Piastri, Norris, Rassel, Alonso, Strol.
Maks Ferstappen 5 yer cəriməli olduğuna görə bazar günü startda ilk yerdə Şarl Lekler olacaq.