Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə “Kəpəz”ə keçməsindən danışıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycanda bir neçə komandadan təklif almasına baxmayaraq, Gəncə təmsilçisinə keçməyə qərar verdiyini söyləyib:
“Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz “Kəpəz”dir. Ona görə də bu komandanı seçdim”.
Təcrübəli oyunçu yeni komandasına tez uyğunlaşmaq istədiyini söyləyib: “Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm”.
Həsənalızadə “Kəpəz” azarkeşlərindən də söz açıb: “Onlar sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq”.
Həsənalızadə “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.