2017-2018 mövsümünün ikinci yarısını “Neftçi”də keçirmiş gürcüstanlı sabiq müdafiəçi Giorgi Navalovskinin futbolinfo.az saytına müsahibəsi
– 2017-ci ilin əvvəlində “Neftçi”yə böyük ümidlərlə keçsəniz də, bu komandada cəmi 6 ay qaldınız. Erkən ayrılığa səbəb nə oldu?
– Məncə, bunda ciddi bir səbəb axtarmaq doğru deyil. Sadəcə, həmin vaxt “SKA Xabarovsk”dan sərfəli təklif aldım. Mən də karyeramı bir pillə irəli daşımaq üçün Rusiya klubunu rədd etmədim.
– Yəni səbəb maliyyə şərtlərinin daha yaxşı olması idi?
– Xeyr, iki ölkə çempionatı arasındakı fərq. Rusiya Premyer Liqası kimi böyük çempionatda oynamaq həmişə arzum olub. Buna görə də “yox” deyə bilmədim. “Neftçi”nin baş məşqçisi ilə də bu barədə söhbətim oldu. Həmin variantı əldən buraxmaq istəmədiyimi dedim. Sağ olsunlar, məni anlayışla qarşıladılar və ora azad agent kimi keçməyimə şərait yaratdılar.
– Amma orada da cəmi bir il qala bildiniz…
– “SKA Xabarovsk”da əsas heyət üzvü idim. Sadəcə, komandamız Premyer Liqanı tərk etdiyi üçün ayrılmalı oldum. Həmin vaxt Rusiyadan başqa təkliflər də almışdım. Ancaq Minsk “Dinamo”sunun təklifi ən yaxşı variant idi.
– Ayrılmağınızda “Neftçi”nin uğursuz mövsüm keçirməsinin təsiri oldu?
– “Neftçi”nin o duruma düşməsinin günahkarı mən deyildim. Axı, mövsümün gedişində bu komandaya qoşulmuşdum. “Neftçi” kimi böyük komandanın da ağır dönəmlər keçirməsini normal qarşılamaq lazımdır. “Barselona”nı buna misal göstərə bilərəm. İspaniya klubu indi-indi özünə gəlməyə başlayır. “Neftçi” isə Azərbaycanın böyük klublarından biridir. Ayrılarkən də tezliklə əvvəlki əzəmətini qaytaracağına inanırdım.
– “Neftçi” ilə bağlı sizdə hansısa xoş xatirə qalıb?
– Nəticə baxımından uğursuz kimi görünə bilər. Amma orada olduğum müddətdə istər rəhbərlikdən, istər azarkeşlərdən, istərsə də klub işçilərindən daim özümə qarşı hörmət gördüm. “Neftçi”ni xoş hisslərlə xatırlayıram və bu komandanın sadiq azarkeşlərindənəm. Açığı, hərdən düşünürəm ki, “Neftçi”dən ayrılmaqda səhv etdim. Amma keçmişi geri qaytarmaq mümkün deyil.
– Ayrıldıqdan sonra “Neftçi”nin oyunlarına baxmısınız?
– “Neftçi”ni həmişə diqqətdə saxlamışam, nəticələri ilə maraqlanmışam. Bəzi gərgin matçları da seyr etmişəm. Bu komandanın həmişə ölkə çempionatında zirvədə olmasını arzulamışam. Sadəcə, indi “Qarabağ”ın çox güclü olan vaxtlarıdır. Onlarla rəqabət aparmaq üçün komandaya yüksək səviyyəli futbolçular cəlb etmək lazımdır.
– Azərbaycanda əlaqə saxladınız insanlar var?
– Bəli, hərdən danışırıq. Əvvəllər Ruslan Abışovla tez-tez söhbət edirdik, komanda barədə danışırdıq. “Neftçi”də çox adamla münasibətim yaxşı idi.
– Hazırda “Saburtalo” klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərirsiniz. Gələcəkdə sizi yenidən “Neftçi”də görə bilərik?
– Nəsə demək üçün hələ tezdir. Çünki hələ məşqçiliyin sirlərini öyrənirəm. Amma gələcəkdə hər şey ola bilər. “Neftçi” kimi klubu çalışdırmağı kim istəməz? Ancaq dediyim kimi, buna hazır olmaq lazımdır.
AĞA