“Rakuv”un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı mütəxəssis ilk görüşdə 3:2 hesablı qələbə qazanan komandasının bu nəticəni qorumağa çalışacağını söyləyib:

“Eyni gücə malik iki komanda qarşılaşacaq. Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda “Qarabağ”la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabahkı görüşə də hazırıq. “Rakuv”un oyununu sərgiləməyə çalışacağıq.

Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq”.

Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını sözlərinə əlavə edib: “Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq. Bu matça kompleksli hazırlaşırıq. Penalti seriyasına zamanı isə qapıçının çıxışından çox şey asılı olacaq”.

Gənc mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.

Shares: