Dünyada şəhərlərin qardaşlaşma ənənəsi var. Əslində, formal xarakter daşısa da, bəzi hallarda fayda verə bilir. Ailə qurduqdan və yaşa dolduqdan sonra əksər qardaşlar bir-birinə necə yaxındırlarsa , qardaşlaşmış şəhərlər də elədir.

Belə ənənə bəzi hallarda futbolda da olur – komandalar qardaşlaşır. Şəhərlər qədər populyar olmasa da, futbolda da tək-tük bu cür hallara rast gəlmək mümkündür.

Adətən futbolda farm-klub yaratmaq dəbdir. Bir böyük komanda bəzi futbolçularına yer edə bilmədiyindən özünə digər ölkələrdə tərəfdaş tapır. Elə klublar da var ki, onların bir neçə ölkəni əhatə edən şəbəkəsi olur.

Bütün bu halların hər birinin öz məqsədi var. Bu məqsədlər də bir-birindən fərqlənir. Bəzən bir liqa daxilində rəsmi olmasa da, qardaş komandalar mövcud olur. Uzağa getməyərək Azərbaycanda vaxtilə “Simurq” – “İnter” münasibətini misal çəkə bilərik. Belə hallara daha çox təmiz qaydalarla oynamayan ölkələrdə rast gəlinir. “İnter”-“Simurq” münasibətinə bənzər şeyləri bu gün Rusiya futbolunda görmək mümkündür. Hemegon komanda “Zenit”in liqada qeyri-rəsmi balaca qardaşları var. Bu işin də öz məqsədi var və bu məqsədlər digərlərindən fərqlənir.

Mövzunun gedişatı bizi Rusiya futboluna gətirib çıxartdı. Bir müddət əvvəl “Neftçi” ilə “Spartak” klubu əməkdaşlıq barədə müqavilə imzaladılar. Memoranduma əsasən klublar futbolçuların hazırlığı, idman təbabəti, təlim kursları, marketinq, azarkeşlərin tribunalara cəlb edilməsi, idman hüququ, informasiya, seleksiya və maliyyə sahələrində təcrübə mübadiləsi aparacaq. Sözləşmə iki illiyinə nəzərdə tutulub.

“Spartak”la “Neftçi” Bakıda yoldaşlıq oyunu keçirəcək. Akademiyalarda və gənclər komandalarında sıx əməkdaşlıq olacaq. Əslində, bu, bizim yazmaq istədiyimizin rəsmiləşməsi deməkdir.

spartak neftci1689712977 - Futbolinfo.az

Klublar bir-birinə çox bənzəyir. Əlbəttə ki, oxşamayan cəhətlər də var. Bu yazıda biz klublara aid xüsusiyyətlərdən bəhs edəcəyik. Oxşayıb-oxşamadığını isə müəyyən etməyi oxucuya buraxırıq.

Ən başlıca oxşarlıq ölkələrindəki populyarlıq və azarkeş kütləsidir. “Spartak”ı Rusiyada xalq komandası adlandırırlar. Həqiqətən də “qırmızı-ağ”ların ölkənin şərqindən qərbinə qədər milyonlarla fanatı var. “Neftçi”ni də ölkəmizdə ən böyük azarkeş ordusuna malik komanda saymaq olar. “Ağ-qara”lar qeyri-rəsmi olsa da, flaqman statusunu daşıyır. Bu mənada oxşarlıq ciddidir.

Moskva “Spartak”ı da uzun illərdir ki, neft pulları ilə dolanır. Rusiyanın “Lukoyl” şirkəti 20 ildən çoxdur ki, “Spartak”ın qeyri-rəsmi sahibidir.

Burada ən maraqlı məqam niyə bu müddət ərzində memorandumun imzalanmaması və indi yada düşməsidir. Bu gün Rusiya idmanı elə izolyasiya edilib ki, istənilən dostluq təklifinə isti baxır. “Spartak” kimi bir klubla “Neftçi”nin əməkdaşlığı yalnız fayda verə bilər. Amma yenə də əsas sual bu müqavilənin niyə indi imzalanmasıdır.

Moskva klubunun prezidenti uzun illər Leonid Fedun olsa da, əsas söz sahibi Vahid Ələkbərov olub. “Lukoyl”un keçmiş sahibi futboldan çox anlamasa (Karpinlə Karpovu ayıra bilmədiyinə görə bunu qətiyyətlə söyləmək olar) da, klubun sahibi idi. Məhz onun azərbaycanlı olması klublar arasında əməkdaşlıq üçün imkan idi. Lakin 20 il ərzində bundan faydalanmaq mümkün olmayıb. Leonid Fedun (“Lukoyl”da ikinci adam) klubun sahibi göstərilsə də, bunun yalandan başqa bir şey olmadığını, əvəzinə heç nə almadan “Spartak”dan uzaqlaşdırılması sübut etdi. Uzun illərdən sonra guya öz hesabına stadion tikdirdi. Amma bu pulların ona yox, “Lukoyl”a aid olduğu da son hadisələrdən sonra məlum oldu. Bütün bunlar onu göstərdi ki, prezident vəzifəsi öz pullarını deyil, başqalarının pullarını xərcləyən anlamına gəlir.

“Spartak”ın son illərdəki nəticələrinə diqqət yetirək. Komanda yeni əsrdə hegemonluğunu itirib. Bütün bunlar məhz elə yuxarıda adları çəkilənlərin gəlişi ərəfəsində və sonra baş verib. Maliyyə güclü olsa da, meydanda o güc görünmür. “Spartak”da da yeni rəhbərlik gələn kimi əzələlərini göstərmək üçün səsli-küylü transfer etdi. Böyük pula futbolçu alındı, amma effekti olmadı. Eyni şeylər “Neftçi”də də baş verdi.

Rusiyada bu gün “Spartak” “Zenit”in kölgəsində qalır. Bu gün “Neftçi”ni də Azərbaycanın ən güclüsü saymaq olmaz. Moskva klubu hazırda meydanda zəif olduğundan vaxtilə qazandıqları ilə öyünməklə təskinlik tapır. Bu gün “Neftçi”nin də ölkəmizdəki komandaların yanında keçmişi ilə öyünməsindən başqa çarəsi yoxdur.

“Spartak”ın ən vacib xüsusiyyətlərindən biri çoxlu futbolçu transfer etməsidir. Burada ən diqqətçəkəni isə bu futbolçulara ödənilən pulların dəyərinə uyğun olmamasıdır. Ötən ilin hesablamalarına görə “Spartak” öz ölkəsində agentlərə ən çox komissiya ödəyən klubdur. Baxmayaraq ki, Rusiyada onlardan da baha qiymətə futbolçu transfer edən klublar var.

Moskva klubu neçə ildir ki, özünə normal məşqçi tapmır. Bu vəzifəyə gələnlər də çox işləməyəcəklərini bilərək komandaya ayrı prizmadan baxırlar. Azacıq məşqçilik bacarığı olan tezliklə gedəcəyini bilərək qısa müddətdə daha çox pul qazanmağı düşünür. Eyni sözləri klubun idman direktorları haqda da söyləmək olar. Təsadüfi adamların rəhbərliyi pulların havaya sovrulmasına gətirib çıxarır. Avropada ən vacib vəzifələrdən sayılan idman direktorunun funksiyası kimə gəldi tapşırılır. Gah rəhbərlik keçmiş futbolçuya, gah da stadionun təhlükəsizlik xidmətinin direktoruna verilir.

Biz Moskva “Spartak”ında son illər üzə çıxan xüsusiyyətləri göstərməyə çalışdıq. Qardaşı “Neftçi”nin nədə ona bənzədiyini müəyyənləşdirməyi isə oxucuların ixtiyarına buraxırıq.

FƏRİD

Shares: