Avropa Voleybol Konfederasiyası (CEV) 2023-cü ildə Avropa çempionatının təşkili üçün İsrailə 1,5 milyon avro ayırıb. Bu barədə İsrail Voleybol Federasiyası məlumat verib.

Təşkilatçılardan birinə bu cür maliyyə dəstəyi digər ölkələr arasında narazılığa səbəb olub. Belə ki, buvaxta qədər bütün maliyyə xərclərini ev sahibi tərəfi öz üzərinə götürürdü. Bu isə təqribən 600 min avrodan 1,2 milyon avroya qədər vəsait demək idi.

CEV-nin bu qərarı nəticəsində Avropa çempionatı plan üzrə – avqustun 28-dən sentyabrın 16-dək keçiriləcək. Təl-Əviv D qrupunda İsrail, Fransa, Yunanıstan, Portuqaliya, Rumıniya və Türkiyə komandalarının oyunlarına ev sahibliyi edəcək.

Xatırladaq ki, İsrail 1971-ci ildən bəri ilk dəfə Avropa çempionatında iştirak edəcək.

2022-ci ilin mayında üç ölkə – Bolqarıstan, İtaliya və Şimali Makedoniya 2023-cü il kişilər arasında Avropa çempionatına birgə ev sahibliyi etməyi təsdiqləmişdi. Ukrayna da Eurovolley-2023-ün ev sahiblərindən birinə çevrilməli idi. Lakin məlum hadisələr bunun reallaşmasına imkan vermədi. Keçən ilin 5 oktyabrında isə CEV Ukraynanın əvəzinə İsrailin turnirin yeni ev sahibi olduğunu elan etmişdi.

Shares: