“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının II təsnifat mərhələsində sabah “Jelezniçar”a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransına qatılıb. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib: ” “Rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Rəqibimizin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik”.

44 yaşlı mütəxəssis 8-ci km qəsəbə stadionundakı ilk oyunu öncəsi həyəcanlı olduğunu bildirib: “Burada fəaliyyətimə mərhələ adlamaqla başlamaq istəyirəm. İnanıram ki, fanatlar sabah tribunaları dolduracaqlar. Onlara söz verə bilərəm ki, uğur qazanmaq üçün hər oyunda 200 faiz gücümüzü göstərəcəyik”.

O, “Jelezniçar”ın baş məşqçisinin Sarayevodakı görüşdə aqressiv davranmasına da münasibət bildirib: “Məşqçilər arasında strategiya mübarizəsi gedir. Hər biri komandasının qələbəsi üçün çalışır. Rəqib həmkarımın ilk matçdakı hərəkətlərini özümə qarşı edilmiş kimi saymıram. Məni yalnız komandamın çıxışı maraqlandırır. Rəqibin baş məşqçisinin çılğın olması mənim problemim deyil”.

Gənc məşqçi azarkeşlərin yaradacağı atmosferin komandaya həm mənfi, həm də müsbət təsir göstərə biləcəyini düşünür: “Oyuna yaxşı başlasaq, azarkeşlərin yaratdığı atmosfer bizə müsbət təsir edə bilər. Əks təqdirdə, matç istədiyimiz kimi keçməsə, bu atmosfer oyunçularımıza mənfi təsir göstərə bilər. Əsas məqsədimiz azarkeşləri meydana cəlb etməkdir. Bunu da oyunumuz və nəticələrimizlə qazanmaq istəyirik”.

Adrian Mutu yeni transferlərdən razılıq bildirib: “Yeni transferlərin bəzilərini qeydiyyata sala bilməmişik. İlk “11-liy”i məmnunluqla deyərdim. Ancaq bunu rəqibin məşqçiləri də görə bilərlər. Buna görə də açıqlamağım doğru olmaz. Mənim üçün ilk “11-lik” və ehtiyat qüvvə anlayışı yoxdur. Heyəti futbolçuların həftəboyu göstərdikləri performansa görə müəyyənləşdiririk. Hər bir oyunçu öz şansını alacaq. Yeni transferlərin isə hamısından razıyam. Onlar mənim istəyimlə komandaya cəlb olunublar. Komandaya qoşulan və bundan sonra qoşulacaq oyunçuların bizə böyük köməyinin dəyəcəyinə inanıram”.

Onun sözlərinə görə, komandası fiziki cəhətdən hətta 120 dəqiqə də mübarizə aparmaq gücündədir. “Əlbəttə ki, işi 90 dəqiqədə həll etmək istəyirik. Təlim-məşq toplanışını mən keçməsəm də, fiziki durumu səbəb kimi göstərmək istəmirəm. Komandam fiziki cəhətdən hazırdır. Yoxlama görüşləri ilə müqayisədə indi daha yaxşı vəziyyətdəyik. Gündən-günə daha yaxşı olacağıq”.

Baş məşqçi Bakı barədə də heyranlıqla danışıb: “Bakı çox gözəl şəhərdir. İnsanlar mənimlə çox yaxşı davranırlar. Yeməklər isə dadlıdır”.

Adrian Mutu hücumçu Saldanyanın Serbiya klubu “Partizan”a keçidini də dəyərləndirib: “Saldanya uyğun olmayan vaxtda komandanı tərk etdi. Ancaq ürəyi bizimlə döyünməyən oyunçunu burada saxlamağın bir mənası yox idi”.

Shares: