Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az saytı xəbər verir ki, 33 yaşlı mütəxəssis ilk görüşdə qazanılan 3:2 hesablı üstünlüyü qoruduqları üçün sevindiklərini bildirib:

“Komandamı gözəl uğur münasibətilə təbrik edirəm. Bu gün daha çox müdafiə olunduq. Birinci hissədə dözüləcək məqamlar yaşadıq. Futbolda da dözmək, səbrlə oynamaq çox vacibdir. Həm fiziki, həm də mental cəhətdən çox gözəl oyun göstərdik”.

Baş məşqçi xüsusən də birinci hissədəki çıxışdan razı qalıb: “İlk yarıda özümüzü yaxşı tərəfdən göstərdik. Rəqib cərimə meydanına daxil olanda da orada vəziyyəti nəzarətdə saxladıq. “Lex” ötən mövsüm burada 5 qol buraxmışdı. Bizdə isə belə olmadı”.

Şvarqa futbolçularının tez-tez vaxtı aparmalarının xüsusi tapşırıq olmadığını söyləyib: “Sizi bizim paltardəyişmə otağına dəvət edirəm. Onların nə dərəcədə yorulduğunu görəcəksiniz. Bu, tapşırıq deyildi. Hava şəraiti bizim üçün mübarizəni çətinləşdirdi”.

Şvarqa “Qarabağ”ı avrokuboklarda üstələyərək növbəti mərhələyə adlayan ilk Polşa klubu olmalarının sevindirici olduğunu deyib: “Polşa komandası nə vaxtsa “Qarabağ”ı üstələməli idi. Mərhələni bizim adlamağımız o demək deyil ki, “Qarabağ” zəifdir. Azərbaycan təmsilçisi çox güclü komandadır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp