Qurban Qurbanov məğlub olduqları oyundan sonra hər cür bəhanə gətirə biləcək qədər təcrübəli adamdır. Çıxıb ilk oyunda qapıçının səhvləri üzündən işlərini çətinə saldılarını, səviyyəli oyunçular Azərbaycana hətta böyük pullar qarşılığında gəlmədiyi üçün uzun müddət zədəli olan Diakabi, Benzia kimi keçmiş ulduzlara möhtac qaldıqlarını, komandanı ətrafında qurmaq istədiyi Kadi Borgesin gedişinin planlarını pozduğunu deyə bilər.

Amma Qurbanovu uğurlu edən məhz fərqli davranışıdır. O, ilk təsnifat mərhələlərində böynubükük qalan məşqçilər kimi başqalarını nişan vermir, qərarlaryla özünü hədəfə gətirir, klubu, futbolçuları qoruyur. Və onlarla birlikdə illərdi tarix yazır. Azərbaycanda onlarla məşqçi var ki, bir dəfə qrupa düşsə, ona heykəl qoyulmasını tələb edərdi. Qurban bəyin dəyərini yəqin ki, o “Qarabağ”da olmayanda, ümumiyyətlə, bu klubda rəhbərliklə əl-ələ verib yaratdıqları layihə bitəndə biləcəyik.

“Rakuv” keçilməz rəqib deyldi. Polşanın daha güclü komandalarını keçmiş “Qarabağ” onu da məğlub edə bilərdi. Sadəcə, alınmadı, bacarmadılar – bu da futbolun bir üzüdür. Azərbaycan çempionunda intizamlı rəqibi məyus etmək üçün lazım olan fantaziya kifayət qədər deyildi. Heyətin faktiki yenidən qurulması, illərdi var olan sistemdə yeni daşların yerinə oturması zaman alır. Məhz bu məqamda “Rakuv” kimi möhkəm komandanın rəqib olması işləri korladı.

“Qarabağ” qabıq dəyişir. Son bir ildə Ağdam klubundan gedən futbolçuların adları mühakimə yürütmək üçün kifayətdir. Kimisinə fantastik pullar təklif olundu, kimisi Avropada oynamaq üçün getdi, kimisi də daha yaxşı çempionatlara yollandı. Və yeni komandanın qurulduğu bir məqamda “Qarabağ”ın hələ də qruplara düşmək üçün real şansının olması böyük nailiyyətdir. HİK-lə duellərdə qrupa düşmək problemi böyük ehtimalla həll olunacaq.

Yığması Estoniyanı evdə uda bilməyən, digər klubları uzağı iki mərhələ adlayan ölkədə inanılmaz nəticələr göstərən “Qarabağ”ın tənqid edilməsi anormaldır. Amma o da var ki, uman yerdən küsərlər, bu komandadan daha yaxşı şeylər tələb olunduğu üçün “Qarabağ” məsuliyyət hiss edir, tələblərə cavab vermək, daha da irəliləmək üçün mümkün olanı edir.

“Rakuv” yenilməz rəqib deyildi. Obyektiv səbəblər bir yana, yəqin ki, Qurbanov yenə özünə tənqidi yanaşacaq, problemləri aradan qaldırmaq üçün mümkün olan hər şeyi edəcək. Həmişə olduğu kimi, oyundan oyuna artıran komanda polşalılarla görüşdə də əvvəlki matçlardan daha yaxşı təsir bağışladı. Yaradılan çoxsaylı imkanlardan biri qola çevrilsəydi, indi tamam başqa şeylərdən danışırdıq. Alınmadısa, ruhdan düşmək yox, ağılla analiz edib daha yaxşısına nail olmaq gərəkdir.

Çempionlar Liqasında mübarizə bitdi, lakin Avropa Liqasında qrupa düşmək üçün real imkanlar var. “Qarabağ”a inanmaq, ədalətlə daha yaxşısını tələb etmək, lazım olanda tənqid etmək, lazım olanda dəstək vermək lazımdır. Daha yaxşısını bacaran başqa bir komanda ortaya çıxana kimi “Qarabağ” bir nömrədir.

Polşa çempionunu hər dəfə məğlub etmək Azərbaycan kimi futbolu bərbad olan ölkədə tələb olunacaq vəzifə deyil. Maksimalist olmaq yaxşıdı, xəyalpərəst olmaq yox. İndiki durumda heç bir Azərbaycan klubu Çempionlar Liqasının qrupuna düşəcək səviyyədə deyil. Təsadüflərlə deyil, reallıqlarla yaşamaq lazımdır. Qurbanov və yetirmələri mümkün olanın ən yaxşısı üçün növbəti yürüşə çıxıb. Belə qəzalar da olacaq, yaxşı və pis sürprizlər də. Nə dünəni unutmaq, nə də onun arxasında kölgələnmək lazım deyil. Bütün klublardan ən yaxşı nəticəni tələb etmək, uğura sevinmək, uğursuzluqların səbəbini araşdırıb aradan qaldırmaq gərəkdir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp