“Bunu bacardığımız üçün sevincliyəm. Gözlənildiyi kimi, rəqibə qol imkanı vermədik. Əlimizə düşən fürsətləri də dəyərləndirdik və 2 qolla qalib gəldik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə səfər oyunundan sonra türkiyəli jurnalistlərə açıqlamasında deyib.

İlk matçda rəqibini 3:1 hesabı ilə məğlub edən İstanbul klubu səfər oyununda 2 cavabsız qolla mərhələni adlayıb. Üçüncü mərhələdə “Neftçi”yə rəqib olan “Beşiktaş”ın təcrübəli çalışdırıcısı “ağ-qaralar”la görüşdə komandasının daha yaxşı formaya düşəcəyini bildirib:

“Qazanaraq yolumuza davam edirik. Gələcək maçlarda bundan da yaxşı olmaq istəyirik. “Neftçi”nin qarşısına daha hazırlıqlı çıxacağıq”.

Həmçinin mütəxəssis “Neftçi”ni növbəti mərhələyə adlaması münasibəti ilə də təbrik edib.

Əlavə edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab qarşılaşmaları avqustun 17-də olacaq.

Shares: