Avrokubokların yay hissəsində daha bir mərhələ geridə qalıb. Konfrans Liqasının iştirakçıları mübarizəyə qoşulduqdan sonra kənarda yalnız Avropa Liqası qalıb. Onlar da gələn mərhələdən digər turnirlərə qoşulacaq.
Əslində, Avropa liqası başlamasa da, bu turnirə təsir edən hadisələr artıq cərəyan etməkdədir. Çempionlar Liqasının uğursuzları Avropa Liqasında rəqiblərini öyrəniblər.
Sentyabrda başlayan avrokubok turnirlərinin iştirakçılarının əksəriyyətini hər il görmək olur. Bu baxımdan yayda keçirilən oyunların marağı tamam başqadır. Bu hissədə futbolun ekzotikası qorunub saxlanıb. Sentyabrdan sonra azarkeşləri yenə də hər həftə gördüymüz nəhəng klubları izləyəcək.
Neytral futbol həvəskarları üçün hər il eyni şeyləri izləmək müəyyən qədər futbol oyununa marağı azaldır. Ancaq yayda baş tutan mərhələlərdə tanınmayan komandalar və onların qəhrəmanlığı yaddaşlarda qalır.
Bu həftə baş tutan oyunlardan sonra bir neçə komanda sözün əsl mənasında tarix yazıb. Onlardan biri “Santa-Koloma”dır. Andorra klubu ilk mərhələdə Uels klubunu sıradan çıxarmışdı. Həmin hadisə elə də ciddiyə aınmadığından səs-küyə də çox səbəb olmamışdı. Ancaq bu dəfə Andorra klubu Monteneqro komandasını turnirdən kənarlaşdırdı. Özü də ilk oyunda 0:2 hesablı məğlubiyyətdən sonra xarakter nümayiş etdirdi.
Milli Hokkey Liqasındakı menecerliyi ilə tanınan amerikalı Den Milşteynin sahibi olduğu klubda futbolçuların ümumi dəyəri 2,17 milyon avrodur. Əsas vaxtda 2 qol vurduqdan sonra “Santa-Koloma” əlavə hissədə qələbə topunu rəqib qapısından keçirməklə Avropada yolunu davam etdirdi. Əlavə edək ki, komandanın baş məşqçisi uzun illərdir İspaniyada məskunlaşan rusiyalı mütəxəssis Dmitri Çerışevdir.
Andorra təmsilçisinin qəhrəmanlığının müqabilində başqa nəticələr sensasiya yarlığını itirir. Ancaq yenə də turnirin keçənilki yarımfinalçısı “Bazel”in məğlubiyyəti qeyd edilməlidir. İsveçrə komandası Qazaxıstanın “Tobol” səddini keçə bilməyib. Evdə 1:3 hesablı məğlubiyyətin cavabını səfərdə vermək mümkün olmayıb. Bununla da turnirin əsas favoritlərindən biri mübarizəni dayandırıb.
Avrokubokların bu hissəsinin daha maraqlı olmasının başlıca səbəbi klublarımızın iştirakıdır. Təəssüf ki, ilk mərhələdə bir komandamızı itirdik – “Qəbələ” Kipr “Omoniya”sını keçə bilmədi. Müəyyən qədər bunu hamı gözləyirdi. Digər iki komandamızın növbəti mərhələyə adlayacağı da gözlənilən bir şey idi. Həm “Neftçi”, həm də “Sabah” rəqiblərindən üstün sayılırdı. Belə də oldu, hər ikisi növbəti mərhələyə adladı.
Amma burada bizi narahat edən məqam onların oyunudur. Xüsusilə “Sabah”ın oyunu qeyd edilməlidir. Zəif bir rəqibə qarşı evdə əziyyət çəkən bir komandanın “Partizan”la oyunlarda şansı ola bilməz. Nəzərə alsaq ki, Riqanın futbol məktəbinin komandası qırmızı vərəqə alaraq hesabı açır, narahatlıqlarımız bir qədər də artır. Sözsüz ki, mövsümün əvvəli olduğu, rəqibə qarşı arxayınlaşmaq kimi bəhanələr gətirmək olar.
Amma ən ciddi problem baş məqşçidir. Rusiyanın heç özündə nörmal məşqçi yoxdur. O ki qala Rusiyada hansısa bir komandadan qovulan baş məşqçi ola. Avropanın məqçilik metodolgiyasından çox geri qalan şimalda uğur qazana bilməyən mütəxəssisə ölkəmizdə təriflər yağdırılmamalıdır. Əgər bu gün Murad Musayev ölkəmizdə sayılıb-seçilən məşqçidirsə , onda vay bizim məşqçilərimizin halına.
Yuxarıda bəhs etdiyimiz Çerışevə gəlincə, rusiyalı olsa da, 25 ildən çoxdur ki, onu bu ölkəylə yalnız milliyyəti bağlıyır. İspaniyadakı legioner həyatından sonra Pireneydə məskunlaşan Dmitrinin oğlu da Madrid “Real”ının akademiyasında böyüyüb. Məhz bu amil onu digər rus futbolçulardan fərqləndirən əsas məqamlardan biridir.
İLQAR AĞAYEV