“Neftçi” ilə “Beşiktaş” arasında oyunların yeri və tarixi ilə bağlı yekun qərar yoxdur. Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək iki “ağ-qaralı” komandanın matçlarının yeri dəyişdirilə bilər.
Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin növbəti rəqibi bəlli olsa da, bakılılar hələlik oyunla bağlı heç bir hazırlıq görmür. Matçın afişası və s. hazırlanmayıb, hansısa elana, anonsa rast gəlməmişik. Halbuki ciddi azarkeş marağının olacağı gözlənilən matçla bağlı işlərə indidən start verilməli idi.
Səbəbini öyrənmək üçün “Neftçi”nin mətbuat xidməti ilə əlaqə saxladıq. Klubdan bunun UEFA-dan cavab gözləmələri ilə bağlı olduğunu dedilər. Belə ki, oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi də mümkündür. Üstəlik, ev və səfər matçlarının yeri dəyişdirilə bilər.
Püşkün nəticəsinə görə, ilk oyun İstanbulda, cavab matçı Bakıda reallaşmalıdır. Lakin avqustun 10-da “Fənərbağça” da evdə oynadığından iki böyük komandanın eyni şəhərdə matç keçirməsinə UEFA icazə vermir. “Beşiktaş”ın ilk oyunda qonaq olmasında da problem var. Belə ki, həmin gün “Qarabağ” da meydana çıxacağından Bakıda iki avrokubok matçının reallaşması çətinlik yaradır.
UEFA tezliklə həm oyunların tarixi, həm də yeri, stadionu ilə bağlı son qərarını verməlidir. Qarşılaşmaların hansınınsa bir gün öncəyə çəkilməsiylə problemin aradan qaldırılması da mümkündür.