“RFŞ-ə qarşı oyunumuz həqiqətən də çətin oldu. Lakin bu matçdan öncə yaxşı vəziyyətdə idik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın vingeri Coy-Lens Mikels deyib.

O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFŞ klubuna 2:1 hesabı ilə qalib gəlib mərhələ keçdikləri matçdan danışıb: “Amma ilk hissədə müəyyən qədər çətinlik çəkdik. Başlanğıcda işlər yaxşı getmirdi. Amma komanda olaraq müdafiədə böyük iş gördük. Daha çox rəqibin qol vurmasına şərait yaratmadıq. Ümumiyyətlə, bu oyunla mövsümə yaxşı başladıq. Daha da yaxşısını edə bilərik. Hər iki oyunda qalib gəlmək ruh yüksəkliyi verir”.

Almaniyalı futbolçu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a qarşı keçirəcəkləri matçla bağlı isə bunları deyib: “2 gün sonra “Qəbələ” ilə qarşılaşacağıq. Hazırda bu matç serbiyalılarla oyundan daha vacibdir. Lakin əgər fikrimiz soruşsanız, “Partizan” artıq başqa səviyyədə komandadır. “Qəbələ” ilə qarşılaşma çətin olacaq, onlar həmişə yaxşı oyun göstərirlər. Həyəcanlı oyun olacaq”.

Mikels sıx qrafikə də hazır olduqlarını bildirib: “Keyfiyyətli və geniş komandamız var. Bizi oyunlara yaxşı hazırlayan məşqçi heyətinə inanıram. Düşünürəm ki, həm daxili çempionatda, həm də Konfrans Liqasında eyni səviyyədə oynayacağıq”.

Shares: