Hesab aldadıcı ola bilər. 3:0 nə “Turan Tovuz”un fövqəladə oyununun, nə də “Araz-Naxçıvan”ın zəifliyinin nəticəsi deyil. Hətta matçın ilk yarısında nominal meydan sahibləri qərblilərdən daha üstün idi.
Yeni mövsümün açılış matçı darmadağınla başladı. Çempionata tam hazır olmadığı aşkar görünən iki komandanın duelində məşqçilərin matça yanaşması həlledici oldu. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun yetirmələri yeni qurulan rəqibin oyununu analiz etdi, meydandaca öyrəndi və irəliləyən dəqiqələrdə lazımlı qolları vurub qələbəni təmin etdi.
İlkin təəsürat naxçıvanlıların yaxşı legionerlərlə güclənməsidir. Lakin komandanın hazırlığa gec başlaması, legionerlərin bir çoxunun düşərgəyə son günlərdə gəlməsi həlledici oldu. Azər Bağırov hələlik istədiyi oyunu yetirmələrinə aşılaya bilməyib. Təsadüfi deyil, ikinci hissədə muxtar respublika təmsilçisinin oyunçularının fiziki cəhətdən çatdırmadığı aşkar göründü və qüvvəsini düzgün bölüşdürən tovuzlular bundan ustalıqla yararlandı.
Nominal meydan sahiblərinin qapıçısının səhvləri də böyükhesablı məğlubiyyətdə rolu oldu. Əvəzində “Turan Tovuz”un heyətini dəqiqliklə yığdığı aydınlaşdı. Abbasov komandadan ayrılan Runi Evanın yerinə sərrast hücumçular gətirməyi bacarıb.
İnamlı start tovuzluların ötən mövsümdən başladığı yüksəliş xəttinin davamı kimi əla görünür. Amma komanda hələ bir az da artırmalıdır. “Turan Tovuz”un mövsümün sürpriz komandası olmaq üçün əla imkanı var.
CAVAD