“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bagırov Premyer Liqanın 1-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yeni futbol mövsümünün başlanması münasibəti ilə hər birinizi təbrik edirəm. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz olan “Turan Tovuz”un oturuşmuş heyəti var. Çalışdıq ilk 20-25 dəqiqə ərzində qol vuraq. Ancaq bunu bacarmadıq. İkinci hissədə dirəkdən qayıdan top matçda həlledici oldu. Hardasa 70-75 dəqiqə mübarizə apara bildik. Əlbəttə, səhvlərimiz oldu və bu səhvlər sonda qapıçıda “partladı”. Məğlubiyyəti bir futbolçunun üzərinə atmaq zəiflikdir. Ona qədər yarımmüdafiədə, ardınca isə müdafiədə səhvlər buraxdıq.

Bugünkü oyunla hər şey bitmədi. Mövsümün açılış oyunudur. Problemimiz gec toplaşmaq, heyəti qurmaq üçün vaxtımızın az olmasındadır. Komanda üzvlərinin fiziki hazırlığını qısa vaxtda düzəltmək və meydandakı anlaşmanı yüksək səviyyə qaldırmaq qısa vaxtda çətindir. Ancaq dişimizlə, dırnağımızla bunun öhdəsindən gələcəyik”.

Shares: