“Neftçi”nin müdafiəçisi Mark Tamaşın futbolinfo.az saytına müsahibəsi

– “Beşiktaş”a 1:3 hesabı ilə uduzdunuz. Matç haqqında düşüncələriniz necədir?

– Bəli, biz uduzduq və 3 qol buraxdıq. Ümumiyyətlə, qapımızda çox bəsit qollar gördük. Amma ikinci hissədə göstərdiyimiz oyunla fəxr etmək olar. Çünki sona qədər mübarizə apardıq. Bəxtimiz gətirsəydi, hesabı 3:3 edərdik. Ona görə də hər şeyi bunun üzərində qurmalıyıq. İkinci yarıdakı kimi oynamalıyıq. Oyunlar hələ indi başlayır. Qarşıda bizi çox matç gözləyir.

– Səfər matçında durumu dəyişə biləcəksiz? İstanbulda sizi böyük azarkeş kütləsi gözləyir…

– Rəqiblər həmişə şətin olur. Bizim artıq itirəcək bir şeyimiz yoxdur. Bütün şanslarımızdan istifadə etməliyik. Əgər matçın əvvəlində bir qol vura bilsək, vəziyyəti dəyişmək şansımız var. Orada daha cəsarətli oynamalıyıq. Mən şanslarımızın qaldığına inanıram.

– Razısız ki, 3-cü turda püşkdə bəxtiniz gətirmədi?

– Kvalifikasiyada ümumiyyətlə, asan komanda yoxdur. Düzdür, “Beşiktaş” daha yüksək səviyyəli rəqibdir. Amma mən futbolda dəfələrlə sürpriz görmüşəm. Ona görə də düşünürəm ki, biz də bunu edə bilərik. Təbii ki, çox çətin olacaq.

– Misli Premyer Liqasının ilk turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzmuşdunuz. Bu, “Beşiktaş”la matça təsir etdi?

– Xeyr, biz həmin oyunda da qalib gəlmək istəyirdik. Amma bəzən heç nə istədiyiniz kimi getmir. Bazar ertəsi çempionat matçında vəziyyəti dəyişməliyik. Qələbə qazanmaq və daha da irəli getmək zamanıdır.

– “Səbail”lə növbəti tur matçında qalibiyyət əldə edə biləcəksiniz?

– Əgər çempionluğu qazanmaq istəyiriksə, bu cür matçlardan xallarla ayrılmalıyıq. Rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlmək lazımdır.

– Azərbaycana tam adaptasiya olmusunuz?

– Burada bütün şəraitə uyğunlaşıram və uyğunlaşmalıyam. Özümü daha yaxşı hiss edirəm, ailəm də buraya gələcək və hər şey daha yaxşı olacaq. Sadəcə, futbola diqqət yetirməliyik. “Neftçi”ni lazım olan yerlərə gətirmək barədə düşünməliyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp