“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romaonun futbolinfo.az saytına müsahibəsi

– HJK-lə evdəki oyunda 2:1 hesablı qələbə qazansanız da, çox çətinlik çəkdiniz. Matçın ümumi mənzərəsini necə şərh edərsiz?

– Əvvəlcədən çətin matç olacağına hazır idik və bunu bilirdik. Əsas məsələ o idi ki, qarşılaşmaya qədər hazırladığımız planları meydanda həyata keçirə bildik. İstədiklərimizi etdik və nəticədə qələbə qazandıq.

– Minimal hesablı qələbə sizin üçün nə qədər üstünlük sayıla bilər?

– Bunu ciddi üstünlük saymıram və evdəki matçı unutmaq lazımdır. Səfər qarşılaşmasına sanki hər şey yenidən başlayırmış kimi yanaşmalıyıq. Növbəti mərhələyə keçmək niyyətimiz varsa, bu cür etməliyik. Əgər evdəki qalibiyyəti çox düşünsək, cavab qarşılaşması öncəsi bu, bizə mane ola bilər.

– Səfərdə tamam başqa havada, başqa iqlimdə oynayacaqsız. Bu, sizə çətinlik yaratmaz?

– Düşünürəm ki, səfər qarşılaşması daha ağır, daha çətin olacaq. Bakıda rəqib komanda üçün hava şərtləri çətinlik yaradırdısa, səfərdə də bizim üçün eyni cür olacaq. Çünki onlar Finlandiyadakı hava şəraitinə öyrəşiblər, bu mühitdə yaşayırlar. Bizimlə müqayisədə onlara daha asan olacaq.

– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə nə qədər yaxındır?

– Ümumi baxsaq, bizim üçün yaxın görünür. Amma bunun üçün hələ bir neçə addım var. İlk növbədə finləri keçmək, hədəfə doğru addım-addım getmək lazımdır.

– Çempionlar Liqasında “Rakuv”la mübarizədən məğlub ayrılmağınız sizin üzərinizdə təzyiq yaradır?

– Ümumiyyətlə, biz nəyə qadir olduğumuzu, öz dəyərimizi bilirik. Futbolda ancaq qələbə deyə bir şey yoxdur, məğlubiyyət də var. Nəticələrdən asılı olmayaraq, təmkinimizi qoruyuruq. Mediada, sosial platformalarda yazılanlar bizim fikrimizi hədəflərimizdən yayındıra bilməz.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp