“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 1-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyunun gözləyəcəyini bilirdik. “Qarabağ” Premyer Liqanın ilk oyununda uduzmuşdu. Son zamanlar “Qarabağ”ın ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir. Bu gün aqressiv olacaqlarını düşünürdük. “Qarabağ”ın heyətində də gözlədiyimiz dəyişikliklər edilmişdi. Baxmayaraq ki, onları üç gün sonra çətin oyun gözləyir. İlk yarıda temp yüksək idi, epizodlarımız da var idi. Təsəssüf ki, ilk yarıda ucuz səhvə yol verdik. “Qarabağ”la oyunda edilən səhvlər baha başa gəlir. İkinci yarıda hesab bizi irəlidə oynamağa məcbur edirdi. Ancaq top itkisindən sonra rəqibin hücumunun qarşısını ala bilmədik. Fərdi ustalıq öz sözünü dedi. Amma biz hələ işin başlanğıcındayıq, oyunlar vacibdir. Yeni oyunçular adaptasiya olacaq. “Qarabağ”ı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq. Artırmalıyıq”.

O, “Turan Tovuz”un bu mövsüm qarşısına qoyduğu hədəflər barədə danışıb: “Premyer Liqada ikinci ilimizdir. Daha yaxşı olmaq, inkişaf etmək istəyirik. Rəqiblərlə başabaş futbol oynamaq niyyətindəyik”.

Abbasov daha bir transfer etmək istədiklərini bildirib: “Bir futbolçu da istəyirdik. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. Axtarışlarımız davam edir. İstədiyimiz olsa, cəlb edə bilərik. Bəzi mövqelər var ki, rəqabətin olmasından yanayıq. Bu, həm müdafiə, həm də orta xətdir”.

Shares: