“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turunda bu gün “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun oldu. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Layiqincə yerinə yetirdilər. Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. Qarşıdakı günlərdə, oyunlarda idman formalarını geri qaytaracaqlar. “Turan Tovuz”un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı oldu”.

Qurbanov havanın çox isti olduğunu bildirib: “Futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə, digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik. Məncə, müraciət etsəydik, yox deməzdilər. Xeyirlisi”.

Təcrübəli mütəxəssis Avropa Liqasındakı rəqibləri – Finlandiyanın HJK komandası qarşıdakı oyunla bağlı da danışıb: “Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. HJK yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. Onları Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, rəqib sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq”.

Qurbanov cavab görüşünün süni örtüklü meydanda keçiriləcəyinə də toxunub: “Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır”.

Shares: