Bu gün Misli Premyer Liqasında 2-ci tura yekun vurulacaq. Şənbə və bazar günləri reallaşan turun oyunlarından sonuncusu “Neftçi Arena”da oynanılacaq.
Futbolinfo.az xəbər verir ki, paytaxt derbisində ilk turun uğursuzları üz-üzə gələcək. Gəncədən məğlub qayıdan “Neftçi” ilk xallarını ötən tur Bayılda darmadağın olmuş “Səbail”lə oyunda qazanmağa çalışacaq. Premyer Liqada hələlik xal qazanmayan Adrian Mutunun yetirmələrinin başqa yolu yoxdur.
Qışda heyətini əhəmiyyətli şəkildə gücləndirən “Səbail” də qələbə qazanmağa çalışacaq. Rəqibin “Beşiktaş”la ev oyununda sonra yorğun olması, üstəlik Türkiyəyə səfərə hazırlaşması “dənizçilər” üçün fürsət sayılır. Həm də mümkün məğlubiyyət klubdaxili problemlərə, təzyiqin artmasına səbəb ola bilər.
Xatırladaq ki, turun ilk 3 matçında meydan sahiblər qalib gəlib. “Araz-Naxçıvan” “Qəbələ”ni 2, “Zirə” “Kəpəz”i 1, “Qarabağ” “Turan Tovuz”u 3 cavabsız qolla yola salıb. “Sabah”ın “Sumqayıt”la səfər matçı isə bakılıların xahişi ilə, növbəti avrokubok oyununa daha yaxşı hazırlaşmalarına şərait yaradılması üçün təxirə salınıb.
Misli Premyer Liqası
2-ci tur
20:00. Neftçi – Səbail
Baş hakim: Rauf Cabarov
Neftçi Arena