2008-2009 mövsümündə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş türkiyəli sabiq hücumçu Ali Cansunun futbolinfo.az saytına müsahibəsi
– Yetirməsi olduğunuz “Beşiktaş” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabiq komandanız “Neftçi”ni Bakıda 3:1 hesabı ilə məğlub etdi. Matçı izlədiniz?
– Mənə xüsusi hisslər yaşadan oyun idi. Çox sevdiyim iki komanda qarşılaşırdı. Əlbəttə ki, izlədim. Maraqlı, yüksək templi mübarizə oldu. Açığı, “Neftçi”nin əsasən də ikinci hissədəki performansı xoşuma gəldi. Güclü rəqibdən çəkinmədən onun üzərinə getdilər, qol imkanları qazandılar.
– Hansına azarkeşlik edirdiniz?
– Az öncə də dediyim kimi, hər ikisini sevirəm. Azərbaycanda olduğum müddətdə “Neftçi” azarkeşlərinin dəstəyi unudulmaz idi. Çempionatda bu komandaya azarkeşlik edirəm, çempion olmalarını arzulayıram. Çünki həm orada dostlarım var, həm də “Neftçi” sevimli komandamdır. Ancaq həyatımın komandası “Beşiktaş”dır. Biz ailəlikcə “Beşiktaş”lıyıq. “Beşiktaş”ın rəqibi kim olur-olsun, bu komandanı dəstəkləyirəm.
– Sizcə, İstanbuldakı cavab matçı ərəfəsində “Neftçi”nin mərhələ adlamaq şansı varmı?
– Etiraf edək ki, hələ ilk oyundan əvvəl də favorit “Beşiktaş” idi. Bakıdakı görüşün nəticəsi “Neftçi”nin işini möcüzələrə saxladı. Yenə bir top fərqli nəticə olsaydı, Bakı kubu nəyəsə ümid edə bilərdi. Düzdür, futbolda hər cür nəticə qeydə alına bilir. Amma İstanbulda azarkeşlərin yaradacağı atmosferi də gözardı etmək olmaz. “Beşiktaş”ın üstünlüyü əldən verəcəyini düşünmürəm.
– Yəni “Beşiktaş” orada da qələbə qazanacaq?
– Bunu deyə bilmərəm. Müasir futbolda sürprizlər çox olur. “Neftçi” Bakıdakı matçda da göstərdi ki, müqavimət göstərə bilir. İstanbulda da gərgin, bol qollu oyun gözləyirəm.
– Ümumiyyətlə, Azərbaycan çempionatını izləyirsiniz?
– İmkan düşdükcə “Neftçi”nin oyunlarına baxıram. Gördüyüm qədərilə deyə bilərəm ki, Azərbaycan klub səviyyəsində inkişaf edib. “Qarabağ” hər il avrokubokların qrupunda çıxış edir. Bu mövsüm “Sabah” da uğurlu nəticələr göstərir.
– Bəs “Neftçi”?
– “Neftçi”nin kifayət qədər tanınmış baş məşqçisi var. Azərbaycanın ən köklü klubudur. Mən orada olanda klubda futboldan uzaq adamlar var idi. Amma indi görürəm ki, güclü heyət qurulur. Ümid edirəm ki, bu mövsüm “Neftçi” Azərbaycan çempionu olacaq.
– “Neftçi”ni necə xatırlayırsınız?
– Yaxşı heyətimiz var idi. Məsələn, Samir Əliyevin, Zaur Tağızadənin adını çəkə bilərəm. Orada dostlarım var. “Neftçi”də uzun illər oynamaq istərdim.
– Türkiyədə hər klub bir azərbaycanlı futbolçunu yerli statusda oynada bilər. Bununla belə, oyunçularımıza marağın olmamasını nə ilə əlaqələndirirsiniz?
– Buna çox təəssüf edirəm. Nədənsə türkiyəli futbolçular Azərbaycanda, azərbaycanlılar isə burada çox oynamırlar. Açığı, bu məni təəccübləndirir. Axı, iki qardaş ölkədən danışırıq. Ümid edirəm ki, bu yaxınlıq futbola da sirayət edər.
AĞA