Misli Premyer Liqasında 2 tur arxada qalsa da, bəzi klublarımız bir çox problem həll edə bilməyib. “Araz-Naxçıvan”ın durumu isə daha pisdir.

Futbolinfo.az xəbər verir ki, muxtar respublika təmsilçisi rəhbərliklə bağlı qeyri-müəyyənlik üzündən hazırlığa gec başladı, ölkə xaricinə çıxa, normal hazırlıq keçə bilmədi. Komandanın transferləri də çox yubandı, mövsüm start götürüb, lakin heyət komplektləşməyib, hələ də yeni oyunçular gəlməkdədir.

Komandanın paytaxtda məskunlaşması isə başqa bir dərddir. Sözdə bölgə klubları çempionata qatılıb, reallıqda isə Naxçıvan təmsilçisi mövsümün ilk yarısını Mərdəkanda keçirir, muxtar respublikadakı stadionun təmirinə hətta start verilməyib. Bu məsələni də bilərəkdən yubadırlar ki, komanda çıxışına Bakıda davam etsin, klubdakıların işi rahat olsun. Kimsəni naxçıvanlı azarkeşlərin maraqları düşündürmür.

Sadaladıqlarımız vaxt aparan, maliyyə tələb edən işlər olduğundan yubanmasına müəyyən qədər səbr etmək olar. Amma elə məsələlər var ki, həlli zəruridir və yubanması üçün heç bir əsas yoxdur. Məsələn, bugünədək komandanın mətbuat katibi təyin edilməyib, jurnalistlər klubla bağlı məlumat almaq, suallarına cavab tapmaq üçün kimə üz tutacağını bilmir. Normalda mətbuat xidməti fəaliyyət göstərməlidir, lakin “Araz-Naxçıvan”da hətta bir nəfər klub sözçüsünü də tapmaq olmur, çünki yoxdur.

Heyətdə aylıq 12-15 min dollar maaş alan 10-a yaxın legioner var, pul problemi qalmayıb, amma iş mətbuat xidmətinə gələndə rəhbərlik simiclik edir. Bəlkə də əcnəbilərlə iş daha qazanclı olduğundan KİV-lə komunikasiyanın qurulması üçün vacib olan şəxsi təyin etməyi vaxt itkisi hesab edirlər.

Bu məsələdə AFFA-nın, PFL-in də günahı az deyil. Lisenziya qaydalarında klubların mətbuat xidmətinin olması əsas meyarlardandır. “Araz-Naxçıvan”a lisenziya verən qurumun bu boşluğa göz yumması saxtakarlıqdır. Bəlkə də sənədlərin qəbulu zamanı kiminsə adı rəsmiləşdirilib və sonradan siyahıdan çıxarılıb. O zaman indi naxçıvanlılar barədə tədbir görülməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp