2016-cı ilin yayından 2018-ci ilin əvvəlinə kimi Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş cənubi afrikalı hücumçu Dino Ndlovunun futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ”ın oyunlarını izləyə bilirsiniz?

– Düzü, oyunlara baxmaq üçün elə də çox vaxtım olmur. Amma ümumi nəticələri izləyirəm. Avrokuboklardakı nəticələrlə daha çox maraqlanıram.

– O zaman komandanın Çempionlar Liqasından Avropa Liqasına düşməsindən məlumatınız var?

– Əlbəttə ki, var. Təəssüf ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilmədi. Amma inanıram ki, Avropa Liqasında uğurlu çıxış edə biləcək.

– “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Finlandiya klubunu 2:1 hesabı ilə məğlub etdi. Sizcə, HJK ilə cavab matçı öncəsi şanslar nə qədərdir?

– “Qarabağ”ın kifayət qədər Avropa təcrübəsi var. Onlar bu vəziyyətdən çıxa biləcək gücə sahibdirlər. Üstəlik, ilk görüşdə qələbə qazanıblar. Belə turnirlərdə minimal hesablı qələbə də ciddi üstünlükdür.

– Komanda birinci və sonuncu dəfə sizin vaxtınızda Çempionlar Liqasının qrupunda çıxış edib. Yenidən qrupa düşmək üçün nə çatmır?

– Ötən mövsüm buna çox yaxın idilər. Kifayət qədər güclü komandaları üstələmişdilər. Ancaq səhv etmirəmsə, pley-offda uduzmuşdular. “Qarabağ”da çox yaxşı, sistemli iş qurulub. Əminəm ki, nəvaxtsa yenidən həmin uğuru təkrarlayacaqlar.

– Siz isə 2017-18 mövsümünün pley-offunda “Kopenhagen”i məğlub etmişdiniz. Həmin anı necə xatırlayırsınız?

– Bizim üçün möhtəşəm mövsüm keçmişdi. Karyeramın ən parlaq anlarından biri idi. Səfərdə vurduğumuz qolla qrupa düşmüşdük. Çox xoşbəxtəm ki, Danimarkadakı qolun müəllifi mən olmuşdum.

– Ötən ay Türkiyədə “Boluspor”dan “Sakaryaspor”a keçdiniz. Azərbaycana qayıtmaq variantınız yox idi?

– Xeyr, Azərbaycandan təklifim yox idi. Əvvəlki illərdə söz-söhbətlər gəzirdi, ancaq konkret təklif almamışdım. “Sakaryaspor” isə yayda heyətində ciddi dəyişiklik etdi, gələcəklə bağlı böyük hədəfləri var. Başqa ölkələrdən variantlar var idi, amma Türkiyədə qalmaq istədim. Bu ölkəni, insanlarını sevirəm. Türkiyə futboluna da yaxşı uyğunlaşmışam.

– Türkiyədə Azərbaycan futbolu barədə məlumatlıdırlar?

– Əlbəttə. Burada ən çox da “Qarabağ”ı tanıyırlar. Bu komandanın avrokuboklardakı uğurlu çıxışı Türkiyədə də maraqla izlənilir.

– Ümumiyyətlə, “Qarabağ” karyeranızın hansı yerindədir?

– “Qarabağ”ın ürəyimdə xüsusi yeri var. Hər bir futbolçunun arzusu Çempionlar Liqasında oynamaqdır. Mən bu nailiyyətə “Qarabağ”da çatdım. Buna görə də “Qarabağ”ı hər zaman xoş hisslərlə xatırlayıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp