Bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilir. Turnir İtaliya, Belçika, Almaniya və Estoniyada keçirilir.
Futbolinfo.az xəbər verir ki, ardıcıl 3-cü dəfə qitə birinciliyi 4 ölkə tərəfindən təşkil edilir.
Çempionatda 24 komanda iştirak edir. Sevindirici haldır ki, onların arasında milli komandamız da var.
Azərbaycan yığması çempionatda ilk oyununu avqustun 18-də keçirəcək. Komandamızın rəqibi Çexiya Respublikası olacaq. Milli komandamızla qrupda Almaniya, Türkiyə, İsveç və Yunanıstan yığmaları da var.
Çempionata bu gün bir oyunla start veriləcək. Bakı vaxtilə saat 22:00-da İtaliyada meydan sahibləri Rumıniya komandası ilə qarşılaşacaq. A qrupunda bu iki komandadan başqa Bolqarıstan, Xorvatiya , Bosniya və Herseqovina və İsveçrə də yer alır. B qrupunda təşkilatçı ölkə Belçikadan əlavə Sloveniya, Serbiya , Polşa, Ukrayna və Macarıstan qərarlaşıb. Estoniyada keçiriləcək D qrupunun oyunlarında isə Finlandiya, Niderland, Fransa, Slovakiya və İspaniya mübarizə aparacaq.