2010-2015-ci illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş braziliyalı sabiq hücumçu Flavinyonun futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Neftçi”də çox dəyişikliklər oldu. Başverənləri izləyirsiniz?

– Bəli, “Neftçi”dəki dəyişikliklərdən xəbərim var. Gördüyüm qədərilə yeni rəhbərlik yaxşı işlər görür. Həm tanınmış baş məşqçi təyin etdilər, həm də keyfiyyətli oyunçular alırlar. Təəssüf ki, bu mövsümə qədər “Neftçi”dəki vəziyyət məni üzürdü. Oradakı dostlarımla da bu barədə danışırıq. Deyirlər ki, əvvəlki “Neftçi”nin qığılcımları hiss olunur.

– Ötən mövsüm Premyer Liqanın bürünc medalını qazanan və ölkə kubokunda finala çıxan komandadan bu mövsüm nə gözləyirsiniz?

– Kubokda finala çıxmaq, çempionatda üçüncü yeri tutmaq “Neftçi” üçün uğur deyil. “Neftçi” bundan da artığına layiqdir. Bu klub həmişə titullar uğrunda mübarizə aparmalı, avrokuboklarda yaxşı nəticələr göstərməlidir.

– Avrokuboklardan söz düşmüşkən, komanda Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə öz meydanında “Beşiktaş”a (1:3) məğlub oldu. “Neftçi”nin avrokuboklarla vidalaşacağını demək olar?

– Nəzərə alaq ki, yeni heyət qurulur, baş məşqçi də təzə gəlib. Yəni həm Mutuya, həm də komandaya vaxt lazımdır. Heç kim getdiyi yerə birdən-birə uyğunlaşmır. Baş məşqçinin istədiyi oyun sistemini formalaşdırmaq üçün zamana ehtiyacı var. Təəssüf ki, bu mərhələdə “Beşiktaş” kimi güclü komanda ilə düşdülər. Düzdür, futbolda ümid sonda ölür. Ancaq reallıq Türkiyə klubunun çox güclü olduğunu göstərir.

– Hesab edirsiniz ki, Mutu “Neftçi”yə əvvəlki əzəmətini qaytara biləcək?

– Bunu zaman göstərəcək. Amma oradakılar pozitivdirlər. Mən özüm də nəticələrdə fərq hiss edirəm. Təəssüf ki, Avropada Azərbaycan futbolu deyəndə hamının ağlına gələn tək komanda “Qarabağ”dır. Çoxlarının indi “Neftçi”dən xəbəri yoxdur. Ötən il mən özüm də komandaya kömək etmək istədim. Braziliyada istedadlı futbolçular var, onların “Neftçi”yə keçidinə vasitəçilik edə bilərdim. Ancaq məni yaxına buraxmadılar. Həmin futbolçuları da başqa ölkələrə göndərdim.

– Yeni rəhbərliklə bu barədə söhbətiniz olub?

– Hələ ki, yox. Amma nə vaxt istəsələr, kömək etmək üçün üzərimə düşəni yerinə yetirərəm. Çünki “Neftçi” mənim sevimli komandamdır, onları daim zirvədə görməyi arzulayıram.

– Bunun üçün rəhbərlik nə etməlidir?

– İlk növbədə baş məşqçiyə sonuna qədər güvlənməli, güclü futbolçular transfer etməlidirlər. “Neftçi”nin əvvəlki əzəmətini qaytarmaq heç də asan olmayacaq. Çünki “Qarabağ”ın 10 illik hegemonluğu var. İndi “Sabah” da çempionluq uğrunda mübarizə aparır. Qızıl medala iddiaçıların çox olması sevindiricidir. Belədə rəqabət artır. “Neftçi” isə yenidən ölkənin ən yaxşısı olmaq yolunda düzgün addımlar atmalıdır. Bu komanda avrokubokların qrupunda iştirak edən ilk Azərbaycan klubudur. Azarkeşlər “Neftçi”ni yenindən qrup mərhələlərində görmək istəyirlər.

– “Neftçi” tarixinin ən yaxşı futbolçularından biri hesab edilirsiniz. Azərbaycanda nəvaxtsa peşmanlıq keçirdiyiniz bir məqam olub?

– Peşmanlıq deməzdim, amma yanlış qərar verdiyim an olub. Məsələn, Azərbaycan millisində oynamaq təklifini alanda gərək qəbul edərdim. Həmyerlim Riçard Almeyda bu mənada doğru addım atdı, hazırda da millinizdə çıxış edir. Həmin vaxt “Neftçi”dəki prezident dəyişikliyi mənə pis təsir etdi, Braziliyaya qayıtdım.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp