2008-2010-cu illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş türkiyəli sabiq müdafiəçi Suat Ustanın futbolinfo.az saytına müsahibəsi
– Karyeranızı bitirdikdən sonra da futboldan uzaqlaşmadınız.
– Bəli, uzaq dura bilmədim. İlk vaxtlar ticarətə atılmışdım. Amma futbolsuz qala bilmədim. Buna görə də menecer kimi qayıtmağı qərara aldım.
– Azərbaycan futbolunu izləyirsiniz?
– Açığı, izləyə bilmirəm. İlk növbədə ölkələr arasında saat fərqi var. Üstəlik, burada Azərbaycan çempionatının oyunlarını göstərən kanal yoxdur. Yalnız nəticələrdən xəbərim olur.
– Deməli, sabiq komandanız “Neftçi”nin çıxışından məlumatlısınız?
– Bəli, məlumatım var. Uzun illərdir futbolunuzda “Qarabağ” hegemonluq edir. “Neftçi” isə son illərdə cəmi bir dəfə çempion olub. Deməli, daxildə müəyyən problemlər var, nələrsə çatışmır. Buna baxmayaraq, “Neftçi” mənim üçün həmişə Azərbaycanın ən böyük klubu olaraq qalır. Böyük klublar bəzən belə hallarla üzləşirlər.
– “Neftçi”dəki illərinizi necə xatırlayırsınız?
– Orada unudulmaz iki il keçirdim. Keçmiş klubumu, şəhəri, insanları çox gözəl xatırlayıram. Ən çox da “Xəzər Lənkəran”la matçlardakı gərginliyi unuda bilmirəm. Bütün şəhər bu oyundan danışırdı, ajiotaj möhtəşəm olurdu. “Qalatasaray” – “Fənərbağça” derbilərində olduğu kimi. Bir görüşü xüsusi xatırlayıram. Bakıda “Xəzər Lənkəran”la oynayırdıq, Ali Cansunun son dəqiqələrdə vurduğu qolla qalib gəldik.
– Dediniz ki, menecersiniz. İndiyə qədər Azərbaycan klublarına futbolçu gətirmisiniz?
– Xeyr, hələlik belə bir işbirliyimiz olmayıb. Amma Türkiyə klublarına məsləhət gördüyüm azərbaycanlı futbolçular olub. Həmçinin “Neftçi”yə də yaxşı futbolçular təklif edə bilərəm. Bu komandaya istər futbolçu, istərsə də skaut məsələsində kömək etməyə hazıram.
– Bəs niyə azərbaycanlı futbolçular xaricə çıxmağa çox meyilli olmurlar?
– Ölkə futbolunun tanınması da bu baxımdan vacib rol oynayır. Artıq yavaş-yavaş azərbaycanlı futbolçular avropalıların maraq dairəsinə düşür. Azərbaycan çempionatının səviyyəsi ildən-ilə artmalıdır ki, oradakı gənclərə də maraq oyansın. Ölkənizdə istedadlı gənclər var, sadəcə, xarici klublarda onlara maraq yaratmaq lazımdır.
– Sizin vaxtınızla indiki Azərbaycan çempionatı arasında fərq hiss edirsiniz?
– Yüz faiz fərq var. Məncə, liqanız indi daha güclüdür. Klubların avrokuboklardakı nəticələrdən bunu görmək olar. Ən yaxşı nümunə isə “Qarabağ”dır.
– Sabiq komandanız “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la qarşılaşdı. Bakıdakı matçın nəticəsi gözlənilən kimi oldu?
– Məncə, “Beşiktaş”la “Neftçi”ni müqayisə etmək düzgün olmaz. Həm komandaların heyəti, həm büdcəsi, həm liqaların səviyyəsi fərqlidir. Buna baxmayaraq, “Neftçi” “Beşiktaş”a müqavimət göstərə bildi. Şübhəsiz ki, cütün favoriti “Beşiktaş”dır. İlk görüşün nəticəsi də bunu göstərdi. Təcrübə öz sözünü dedi. İstanbuldakı matçda da sensasiya olacağını düşünmürəm.
CAVAD