“HJK ilə oyuna yaxşı hazırlaşmışıq. Düzdür, çempionat oyunundan sonra komanda şəklində cəmi 2 gün məşq edə bildik. İnşallah Bakıya yaxşı oyun və yaxşı nəticə ilə dönmək istəyirik”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Finlandiya səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında təcrübəli mütəxəssis başqa məsələlərdən də söz açıb. O, “Sabah”dan fərqli olaraq, “Neftçi” kimi “Qarabağ”ın da çempionat oyununun təxirə salınmamasına belə münasibət bildirib: “Belə bir məsələ var idi. Məncə, federasiya tərəfindən oyunun təxirə salınması üçün heç bir problem olmazdı. Hətta danışıq da olmuşdu. Sadəcə, biz bunu istəmədik. Bəlkə də gələcəkdə belə hal olanda matçın təxirə düşməsini istəyəcəyik. Lakin indiki halda digər futbolçularımın da oynamasını çox istəyirdim, bu, oyun praktikası baxımınan çox vacib idi. Bəzən sonradan meydana çıxanda az oynayan futbolçular müəyyən problemlərlə üzləşirlər. Ona görə də “Turan Tovuz”la qarşılaşmanı təxirə salmadıq”.
Qurbanov fin klubunu mübarizədən kənarlaşdıracaqları halda pley-off mərhələsində üz-üzə gələcəkləri Sloveniya “Olimpiyası”nın çıxışını hələ izləmədiyini söyləyib: “Xeyr, dünən “Olimpiya”nın “Qalatasaray”la görüşünü izləməmişəm. Hazırda yalnız öz oyunumuzu düşünürük”.
Mütəxəssis Polşa çempionu “Rakuv”un “Qarabağ”ın ardınca Kipr “Aris”ini də mübarizədən kənarlaşdırmasına təəccüblənmədiyini qeyd edib: “Rakov”un pley-offa yüksəlməsi məni təəccübləndirmədi. Daha əvvəl də demişdim ki, Polşa çempionu çox yaxşı komandadır. Məncə, onlar bu nəticəyə layiq idilər. Çox istəkli kollektivdilər. Polşa klublarına həmişə hörmətlə yanaşmışam. Onlarda Avropanın əksər ölkələrində olmayan intizam var”.
O, “Rakuv” uğursuzluğundan sonra komanda üzərində yaranan təzyiqin artıq nisbətən azaldığını vurğulayıb: “Bəli, müəyyən ölçüdə təzyiq üzərimizdən qalxıb. Amma hər bir halda həyəcan var. Bizim həyəcan keçirmədiyimiz matçlar olmur. Qarşılaşmadan əvvəl az da olsa pis tərəfini də düşünürsən ki, görəsən, necə olacaq. Həyəcan hardasa məsuliyyətdir”.