Qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib. Turnirin açılış oyunu İtaliyada baş tutub.
Təşkilatçıların qeyri-adi ideyası bütün voleybolsevərlərin ürəyincə olub. Belə ki, qarşılaşma Verona şəhərinin antik teatrında keçirilib.
Meydan sahibləri də qladiatorlara xas tərzdə mübarizə apararaq görüşü qələbə ilə başa vurublar. Rumıniya komandası setlərin heç birində ciddi rəqabət göstərə bilməyiblər – 25:19, 25:19, 25:15.
Əlavə edək ki, A qrupunda bu iki komandadan başqa Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina və İsveçrə də yer alır.
Çempionatda 24 komanda iştirak edir. Onların arasında milli komandamız da var.
Azərbaycan yığması çempionatda ilk oyununu avqustun 18-də keçirəcək. Komandamızın rəqibi Çexiya Respublikası olacaq. Milli komandamızla qrupda Almaniya, Türkiyə, İsveç və Yunanıstan yığmaları da var.