Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantıdan sonra qurumun baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

  • Əvvəlcə İcraiyyə Komitəsinin iclası barədə məlumat verərdiz.
  • Müzakirəyə çıxarılan əsas məsələ II Liqa ilə bağlı idi. İcraiyyə Komitəsinin qərarına əsasən bu liqada komanda sayı 12-dən 14-ə artırıldı. Bu müddət ərzində həm AFFA-ya, həm də PFL-ə bir çox komandalar müraciət etmişdi. Onların hamısı ilə tanış olduq, stadionları ilə maraqlandıq. Sonda əlavə iki komandanın II Liqaya buraxılmasına qərar verildi. Onlardan biri “Dinamo” olacaq. Bilirsiz ki, əvvəllər Daxili İşlər Nazirliyinin belə bir komandası fəaliyyət göstərib. İkinci isə Qusar “Şahdağ”ı oldu. Qusar klubu noyabrın sonunadək rayondakı stadionun inşasını yekunlaşdıracağı ilə bağlı təminat verdi. Artıq arenanın böyük hissəsi hazırdı, müəyyən işlər görülüb. Sevindirici haldır ki, stadion investor tərəfindən tikilir. Qusar futbol ənənəsi olan bölgələrdən biridir. Buna görə də İK tərəfindən onların müraciətinə müsbət cavab verildi. “Dinamo”ya gəlincə, son zamanlar bəzi futbolçular hərbi xidmətlə bağlı problemlər yaşayırlar. Həmin futbolçuların ustalıq səviyyəsinin aşağı düşməməsi üçün “Dinamo”da çıxış etmələrinə imkan yaradılacaq. Düzdür, MOİK-də var, hansı ki bu məsələdə bizə köməklik göstərir. Lakin bəzi perspektivli futbolçular MOİK-ə gələ bilmirlər. Buna görə də “Dinamo”nun yaradılması barədə qərara müsbət baxıldı. “Dinamo” tarixi olan klubdur. Ötən əsrin 90-cı illərində ölkə çempionatında çıxış edib.
  • Bu 2 klubun infrastrukturu ilə bağlı vəziyyət nə yerdədir?
  • “Şahdağ” noyabrın 1-nə kimi ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirəcək. Artıq bununla bağlı PFL-lə də söhbət olub. Stadionla tanışlıq olub, arena standartla cavab verir. “Dinamo”ya gəldikdə isə, bu dəqiqə konkret stadion adını çəkə bilmirik. Yalnız onu deyə bilərik ki, komanda Bakı ərazisində məskunlaşacaq. Standartlara cavab verən paytaxt stadionlarından birində ev oyunlarını keçirəcək.
  • İcraiyyə Komitəsinin iclasında II Liqadan başqa, digər hansı məsələlər müzakirə olundu?
  • II Liqadan başqa yalnız bir məsələ müzakirə olundu. Bu da AFFA-nın infrastruktur layihələri ilə bağlı idi. Müəyyən stadionlar var ki, ot örtükləri ürəkaçan səviyyədə deyil. Həmin ot örtüklərinin dəyişdirilməsi, həmçinin bəzi stadionlarda infrastruktur işləri müzakirə olundu. Bununla bağlı ciddi problemlər var. İnfrastruktur layihələrinin həyata keçirilməsi müzakirə edildi. Az sonra AFFA-nın saytında bu məsələ ilə bağlı açıqlama olacaq.
  • II Liqada iştirak etmək istəyən, lakin mənfi cavab alan digər klublarda hansı çatışmazlıqlar mövcud idi?
  • Bəli, müraciət edənlər var idi. Lakin mən istərdim ki, hamı bizi anlayışla qarşılasın. Yeni liqa yaradılıb və bu yarışa 14 yeni komanda qatılır. Daha 14 komanda iştirak etmək istəyirdi. Ola bilər bəziləri bizdən inciyib, ola bilər bəziləri çatışmazlıqları qəbul edib. Ona görə xahiş edirəm bizi anlayışla qarşılasınlar. Təəssüf ki, hamını razı salmaq olmur. Bizim çempionatın iştirakçıları ilə bağlı seçimimizdə infrastruktur əsas məsələsidir. Düzdür, hazırda Qusar təmsilçisinin də stadionu yoxdur. Lakin bizə yeni stadionla bağlı təminat verilib.
  • Sonda istərdik klublarımızın avrokubok şanslarını dəyərləndirəsiz. Sabahkı qarşılaşmalardan gözləntiləriniz nədir?
  • İlk növbədə klublarımızın hər birinə uğurlar arzu edirik. Hamısından qələbə gözləyirik. İlk matçda 3 klubumuzdan 2-si qələbə qazandı. Bu, sevindirici haldır. Düşünürəm ki, bu qələbələrin ardı sabahkı oyunlarda da gələcək. “Neftçi”nin rəqibi çox çətindir. Lakin Bakıdakı görüşdə ikinci hissəsini çox yaxşı keçirdilər. Ona görə də sabah “Neftçi”dən gözəl oyun gözləyirik. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Bakıda bir gündə keçirilən 3 avrokubok matçlarının təşkilatçılğım yüksək səviyyədə idi. Bunun üçün həm klublar, həm də dövlət orqanları tərəfindən layiqli işlər aparılmışdı. Biz də AFFA olaraq onlara təşəkkürümüzü bildirik. Xüsusən də Daxili İşlər Nazirliyinə. Onlar yüksək səviyyədə iş gördülər.
Shares: