Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın proqramına avtoidmanın daxil edilməsi məsələsini nəzərdən keçirir. Bu barədə “Inside the Games” məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, bundan əvvəl “Reuters” agentliyi də 2028-ci il Olimpiya oyunlarının proqramına yeni idman növlərinin daxil edilməsi məsələsinin yaxın həftələrdə həll olunacağını bildirmişdi. Yekun qərar oktyabr ayında BOK-un konqresində verilməlidir.

Olimpiya oyunlarının proqramına daha bir neçə növ daxil edilə bilər. Onlar arasında bayraq futbolu (Amerika futbolunun təmassız versiyası), beysbol, kikboksinq, skvoş və digərləri var. Ümumilikdə doqquz yeni növün daxil edilməsi müzakirə ediləcək.

Hələlik Beynəlxalq Avtomobil Federasiyası tərəfindən hansı növün təqdim ediləcəyi bildirilmir. Lakin böyük ehtimalla Olimpiya oyunlarına daxil edilmək üçün kartinq təqdim ediləcək.

Qeyd edək ki, indiyədək avtoidman heç vaxt olimpiadada təmsil olunmayıb.

Shares: