AFFA İcraiyyə Komitəsinin iclasında bü gün iki qərar qəbul edildi. II Liqada komanda sayının artırılması ilə bağlı məsələ aydındır. Belə ki, bununla bağlı kifayət qədər bəhs edilib.
Futbolinfo.az xəbər verir ki, “Digər məsələlər” bəndində “gizlədilən” qərar da önəm daşıyır, Bu, faktiki İcraiyyə Komitəsinin öz qərarını dəyişməsidir. Qurum əvvəlki qərarını ləğv etmədən onu yeniləyib və “izi itirib”.
Qərarda deyilir: “FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın”.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 3 mart tarixli iclasının qərarına əsasən bir neçə rayonda stadion tikintsi nəzərdə tutulmuş, ilk olaraq Tərtərdə əməli fəaliyyətə başlanılmışdı. Qərarda yazılıb: “2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılsın”.
Lakin AGİN-in balansında olan ərazidə aparılan tikinti işləri dayandırıldı, iki qurum razılığa gələ bilmədi. Gözlənilirdi ki, AFFA maliyyəni Gəncədə stadion tikintisinə yönəltsin. Bugünkü qərarlar assosiasiyanın maliyyəni nazirliyin balansındakı arenalara deyil, özünə bağlı olun idman qurğularına yönəldəcəyini göstərdi.