“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis qarşılaşmanın oynanılacağı “Beşiktaş” stadionunda təşkil olunan mətbuat konfransında onları çətin mübarizə gözlədiyini bildirib:
“Bilirik ki, bizi çətin oyun gözləyir. İki qol fərqini aradan qaldırmalıyıq. Amma bunun öhdəsindən gəlməyə çalışacağıq. Baxmayaraq ki, çox güclü rəqiblə qarşılaşacağıq. “Beşiktaş”a rəqib olduğumuz zaman hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Bura məğlub kimi gəlsək də, qələbə qazanmaq istəyirik. İki qol fərqini aradan qaldırmalıyıq. Geyindiyimiz dəyərlərə hörmətlə yanaşmaq istəyirik. Normalda bu cür komandalarla Konfrans Liqasında yox, Çempionlar Liqasında qarşılaşırsan”.
Baş məşqçi cavab matçında heyətdə ciddi dəyişikliklər olmayacağını söyləyib: “Zədəli futbolçuları çıxmaq şərtilə eyni heyət olacaq. Heyətimiz elə də geniş deyil. Yeni transferlərin də meydana çıxması gözləniləndir. Həm avrokuboklarda, həm də çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətin olmalıdır. Düşdüyümüz vəziyyətə uyğunlaşmağa və yaxşı şəkildə çıxmağa çalışırıq. Buradayıqsa, hər görüşə qələbə üçün gəlmişik”.
Mutu oyunöncəsi məşq keçməyə çox vaxtlarının olmadığını vurğulayıb: “Səbail”lə oyundan sonra bərpa məşqinə bir gün vaxtımız oldu. Ondan sonra bu gün ilk dəfə tam şəkildə meydanda məşqə çıxacağıq. Bakıya dönüşümüz cümə gününə planlaşdırılır. “Sabah”la çempionat oyununun vaxtı dəyişdirilməsə, həmin matç öncəsi də eyni vəziyyət olacaq”.
O, Bakıdakı matçın ikinci hissəsində sərgilənən performansı İstanbulda görmək istədiyini deyib: “İlk görüşün birinci hissəsində də komanda əlindən gələni edirdi. Amma komandamdan ikinci hissədəki mübarizəni gözləyəcəyəm. Sabah öz üslubumuzda oyun göstərməyə çalışacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, eyni üslubda davam etmək lazımdır”.