Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Nicat Abasov turnirin rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Abasov 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qazandığı qələbədən danışıb:
“Cavab oyununa adi qaydada hazırlaşmışdım. Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən öncə bu qədər irəliləyəcəyimi gözləmirdim. Amma insanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram”.
İstirahət günü barədə xüsusi planın olmadığını deyən şahmatçı yarımfinal barədə fikirlərini bildirib: “Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. Ümid edirəm yaxşı olacaq”.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Nicat Abasovun rəqibi dünya reytinqinin lideri Maqnus Karlsen olacaq.