“Sabah”ın baş məşqçisi Murad Musayev Serbiyada “Partizan”a qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədik. Sabah “Partizan” evdə oynayır. Rəqibin yaxşı məşqçisi və oyunçuları var. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Sabah hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, heç kimdən qorxmuruq. Rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik”.
Musayev bir neçə oyunçunun zədəli olduğunu vurğulayıb: “Çempionat matçının təxirə salınması ehtimalı mümkün olduqda, bundan istifadə etmək qərarına gəldik. Bunun xeyrimizə olub-olmadığını sabah görəcəyik. Düşünmürəm ki, bu, bizə üstünlük verəcək”.