Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında qrup oyunlarını keçirəcəyi Almaniyanın Düsseldorf şəhərində ilk məşqinə çıxıb.
Futbolinfo.az xəbər verir ki, voleybolçularımız yarışa hazırlığı məşq üçün ayrılmış meydançada davam etdiriblər.
Qeyd edək ki, C qrupunda yer alan yığmamız ilk oyununu avqustun 18-da Çexiya komandasına qarşı keçirəcək.
Bu barada Millimizin blokçusu Olena Xarçenko federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Avropa çempionatına hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Bəzi oyunçularımızda zədələr vardı, bəzilərimiz bütün yoxlama matçlarında oynaya bilməsək də, bu, hazırlığa mane olmadı. Çünki biz ilk il deyil ki, bir yerdə oynayırıq, hamımız bir-birimizi yaxşı tanıyırıq. Düşünürəm ki, hər kəs formadadır. Oynaya bilmədiyimiz müddətdə məşqçilərin xüsusi proqramı ilə hazırlığı davam etdirirdik ki, formada qalaq.
Bu gün Düsseldorfda ilk məşqimiz baş tutdu. Hər şey normal keçdi, əhvalımız yaxşıdır. Hər kəs öz tapşırığını bilir və onu yerinə yetirmək üçün çalışır.
Yarışda addım-addım irəliləyəcəyik. Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik. Daha yaxşı çıxış edib məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.