Bu gün Azərbaycanı avrokuboklarda təmsil edən klublar növbəti sınaqlarına çıxacaqlar.
Futbolinfo.az xəbər verri ki, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya təmsilçisi HJK ilə cavab matçında münasibətlərinə aydınlıq gətirəcək.
Bakıda baş tutan ilk qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Bu üzdən ölkə çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.
HJK – “Qarabağ” cütünün qalibi pley-offda “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq. Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Konfrans Liqasının pley-offunda “Farul”la (Rumıniya) görüşlər gözləyir.
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” və “Sabah” isə bu turnirin 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə “Beşiktaş”ının və Serbiya nəhəngi “Partizan”ın qonağı olacaqlar. “Neftçi” güclü rəqibinə Bakıdakı oyunda 1:3 hesabıyla məğlub olub. “Sabah” isə “Partizan”ı Masazırda keçirilmiş ilk oyunda 2:0 hesabıyla məğlub edib. Bu üzdən “Neftçi” ilə müqayisədə, “Sabah”ın mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir.
“Neftçi” “Beşiktaş”ı keçə bilsə, pley-offda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Partizan”ı mübarizədən kənarlaşdıra bilsə, pley-offda “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust
20:00. HJK – “Qarabağ”
Baş hakim: Villi Delayod (Fransa).
Helsinki. “Bolt Arena”.
İlk oyun – 1:2.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
17 avqust
21:00. “Beşiktaş” – “Neftçi”
Baş hakim: Yulian Vaynberger (Avstriya).
İstanbul. “Beşiktaş Arena”.
İlk oyun – 3:1.
23:00: “Partizan” – “Sabah”
Baş hakim: Bartoş Frankovski (Polşa).
Belqrad. “Partizan Arena”.
İlk oyun – 0:2.