“Neftçi”nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la keçirilən cavab oyunundan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, rumın mütəxəssis səfərdə 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib:

“Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqəni yaxşı keçirdik. Konfrans Liqasından kənarda qalsaq da, öz rənglərimiz uğrunda mübarizə apardıq. Bu gün də meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik. Xarakterli komanda yaratmaq istəyirik. Hətta şansın çox az olsa belə, klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, sona qədər mübarizə aparmalısan. İki oyun dörd hissədən ibarət oldu. Bunun bir hissəsini biz qazandıq”.

Baş məşqçi bəzi futbolçuların zədəli olmasına baxmayaraq, yaxşı mübarizə apardıqlarını düşünür: “Əlimizdə olan silahlarla mübarizə apardıq. Strategiyaya nəzər yetirsək, gücümüzdən səmərəli yerinə yetirdik. “Beşiktaş”ın ehtiyatında 12, bizim isə 5 futbolçumuz var idi ki, xidmətindən yararlana bilərdik. Oyunçu sayı az olmasına baxmayaraq, bura turist kimi gəlmədiyimizi göstərdik”.

Artıq avrokuboklarla vidalaşdıqlarını vurğulayan 44 yaşlı mütəxəssis bundan sonra çempionata daha rahat hazırlaşacaqlarını deyib: “Mövsümün startında oyunçularım çox yoruldular, enerji itirdilər. İndi istirahətə də vaxt ayırmağa çalışacağıq. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə qısa təlim-məşq toplanışı keçəcəyik. Bununla da çempionat görüşlərinə tamamilə köklənəcəyik”.

O, komandanın “sükanı arxası”nda olduğu 6 qarşılaşmanın cəmi birində qələbə qazanmalarına da münasibət bildirib: “Bunun təzyiqi komandanın yox, mənim üzərimdə olmalıdır. Yaxşı təlim-məşq toplanışı keçməmələri onların günahı deyil. Sadəcə, sakitləşməli və istədiyim şeylərə inanmalıdırlar. Onlar yaxşı formaya düşdükdən sonra fərqli “Neftçi” görəcəksiniz”.

Mutu “Beşiktaş”la görüşün ikinci hissəsində futbolçularda yorğunluq olduğunu etiraf edib: “Buna baxmayaraq, futbolçularımız bacardıqlarını ortaya qoydular, mübarizə apardılar. Əsl xarakter göstərdilər, hesabda geridönüş etməyə çalışdılar. 60-cı dəqiqədən sonra fiziki gücləri aşağı düşdü ki, bu da normaldır. Çoxlu səfərlər, oyunlar oldu, yorğunluq yarandı. Getdikcə daha yaxşı olacağıq”.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə də rəqibinə 1:3 hesabı ilə uduzan “Neftçi” avrokuboklarla vidalaşıb.

Shares: