“Qarabağ” ardıcıl 10-cu avrokubok mövsümündə qrup mərhələsinə vəsiqə qazanmağı bacardı. Hətta əksər Avropa ölkələrinin də həsəd aparacağı unikal göstəricidir.
Bakıda HJK klubunu çətinliklə məğlub edən ağdamlılar Finlandiyada da xeyli əziyyət çəkdi. Helsinki təmsilçisi səviyyəcə üstün olmasa da, intizamlı çıxışı ilə çempionumuza xeyli problem yaratdı. Amma nə yaxşı ki, həlledici matçda ümumi qələbəni təmin etmək mümkün oldu.
“Qarabağ” Avropa Liqasının pley-offundadır. Bu yarışda qrupa vəsiqə qazanmaq daha yaxşı olardı, lakin ən azı Konfrans Liqasının qrupu təmin edildiyindən minimum vəzifənin yerinə yetirildiyini demək olar. Növbəti rəqib olan “Olimpiya”nı zəif hesab etmək olmaz, amma öhdəsindən gəlmək mümkündür.
Son illər Şahruddin Məhəmmədəliyevin səhvləri üzündən xeyli zərbə alan “Qarabağ” yenə bu qapıçının üzündən matça məğlub başladı. Qarşılaşmanın əvvəlində onun yol verdiyi kobud səhvlə önə keçən HJK bəlkə də daha artığına nail olacaqdı. Lakin rəqibin tezliklə azlıqda qalması “Qarabağ”a nəfəs verdi. Qalan dəqiqələrdə iki qol vuran təmsilçimiz matçı çevirib ilk görüşdəki 2:1 hesabını təkrarlamağı bacardı.
Evdə 1:3 hesabı ilə yenilən “Neftçi”nin İstanbulda möcüzə etməsi çətin görünürdü. Amma bakılılar azarkeşlərini həyəcanlandırmağı bacardı. Sönük keçən oyunu Emin Mahmudovun qəfil qolu “diriltdi”. Fasilədə əsas heyət üzvlərini döyüşə atan “Beşiktaş” qısa müddətdə vurduğu qollarla təmsilçimizi özlərinin ümidləndirdiyini isbatladılar. İstanbul klubu sürəti artıran kimi “Neftçi”nin hələ belə klublarla mübarizəyə hazır olmadığı aydınlaşdı.
Konfrans Liqasındakı digər təmsilçimiz üçün də pley-off xəyalı gerçəkləşmədi. “Sabah” debüt mövsümünə ardıcıl üç qələbə ilə başlasa da, Serbiyada dayandı. Daim klublarımızın qənimi olan “Partizan” Bakıdakı 0:2-nin əvəzni çıxmağı bacardı. Xüsusilə ikinci qolda millimizin digər qapıçısı Yusif İmanovun səhvi böyük rol oynadı. Bununla belə, matçı əlavə vaxta və penalti seriyasına daşımaq mümkün oldu.
Avrokuboklarda penalti seriyasında üzümüz heç vaxt gülməyib. “Sabah” da tilsimi qırmağ bacarmadı. Namik Ələskərov hətta təkrarlanan penaltini də boşa verincə “bayquşlar”ın avrokubok macərası bitdi. Murad Musayevin yetirmələrinin təcrübəsizliyi həlledici məqamda özünü göstərdi və növbəti cəhd üçün daha bir il gözləmək lazım gələcək.
Və qitə səhnəsində yenə yalnız “Qarabağ”la yola davam edirik. Hər dəfə tənqid edilən, eyni zamanda bütün uğurlara imza atan “Qarabağ”la…
AĞA