“Rəqib böyük təcrübəyə malik komandadır”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Serbiyada “Partizan”a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib: “Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi”.
Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: “Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi.
“Partizan”ı növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.